Sportinfo.az xəbər verir ki, ötən mövsümdə Türkiyədə “Adana Demirspor”un formasını geyinən Şahruddin Məhəmmədəliyev yenidən “Qarabağ”a qayıdıb. 30 yaşlı qapıçının dönüşü nə vəd edir?
Mövzunu globalinfo.az-a şərh edən tanınmış idman jurnalisti Natiq Muxtarlı müasir futbolda ən ciddi problemin qapıçılarla bağlı olduğunu qeyd edib.
Onun sözlərinə görə, indi dünya futbolunda qapıçı qıtlığı yaşanır:
“Hətta böyük klublar da istədikləri qapıçıları tapmaqda çətinlik çəkirlər. Belə durumda Azərbaycan kimi zəif çempionatı olan ölkəyə hansısa istedadlı qapıçını gətirmək olduqca çətindir. Hər hansı bir qapıçı özünü bir balaca göstərən kimi, Avropa klubları artıq onu hədəf alırlar. Ona görə də, Azərbaycan çempionatına yüksək səviyyəli qapıçı gətirmək çox çətindir. Təbii ki, “Qarabağ” da bu problemdən əziyyət çəkir. Andrey Luninlə bağlı məsələ göz önündədir. Ona “Qarabağ” daha əvvəl təklif göndərmişdi, amma qəbul etmədi. Sonra nəzərdə tutduğu plan alınmayınca, “Qarabağ”ın təklifini qəbul etdi. Burada bir-iki uğurlu oyun keçirən kimi, xeyli müştərisi çıxdı. Müştərinin çoxluğu isə qiymətin artması deməkdir. Əlbəttə ki, “Qarabağ” digər klubların Luninə təklif etdiyi məvacibi ona verə bilməzdi. Çünki bu, klubda maaş balansını pozmuş olardı. Ona görə də Lunin getdi. Üstəlik, “Qarabağ”ı Azərbaycanda özünü heç cür doğrultmayan gürcü qapıçı da tərk edib”.
N.Muxtarlı qapıçı qıtlığı barədə danışıb:
“Deməli, təcili surətdə qapıçı almaq lazımdır. Qapıçıların qıt olduğu bazarda isə bunu reallaşdırmaq asan deyil. “Qarabağ” bir qapıçı transfer edib. Amma hələ onun qabında nə olduğundan xəbərsizik. Avrokubok oyunlarında nəyə qadir olduğunu görəcəyik. Özünü doğrulda biləcəkmi? Bu suala birmənalı cavab vermək çətindir. Fabian Buntiçlə yanaşı, təbii ki, “Qarabağ”a daha bir qapıçı lazımdır. Haradan tapmaq olar? Çətindən də çətindir. Belə durumda Şahruddinə stavka edilməsini normal qarşılaşmaq olar. Şahruddin istedadsız qapıçı deyil. Sadəcə, bu adamın psixoloji durumu yerində deyil. Onun reaksiyası yerindədir, amma etdiyi səhvlər sırf psixoloji aspektə bağlıdır. Fikir vermisinizsə, Şahruddin demək olar ki, həmişə eyni səhvləri edir. “Sumqayıt”da hansı səhvləri etmişdisə, “Qarabağ”da da onu edirdi. Hətta eyni səhvi “Adanaspor”da da etdi. Amma Şahruddin Məhəmmədəliyev həm də “Qarabağ”ın Avrokuboklardakı uğurlarında əməyi olan qapıçıdır. Neçə-neçə oyun xatırlamaq olar ki, məhz onun sayəsində qələbə qazanılıb”.
Tanınmış jurnalist Ş.Məhəmmədəliyevin “Adana Demirspor”dakı oyunlarından söz açıb:
“Onun “Adana Demirspor”dakı çıxışına birmənalı qiymət vermək olmaz. Çünki “Adana Demirspor” maliyyə böhranı yaşadığı üçün komanda demək olar ki, dağılmış durumda idi. Bütün oyunçulara bu durum neçə təsir etmişdisə, Şahruddinə də elə təsir etmişdi. “Qarabağ”a təcili olaraq daha bir qapıçı lazım idi. Görünən odur ki, uyğun qapıçı tapılmayıb və Şahruddin variantı məqbul sayılıb. Komandanı tanıyır, adaptasiya problemi olmayacaq. Onu da unutmayaq ki, Şahruddin həm də Azərbaycan yığmasının bir nömrəsidir. Deməli, onun “Qarabağ”a qayıtmasında qeyri-adi heç nə olmamalıdır. Sadəcə, inanaq ki, o, əvvəlki səhvləri buraxmayacaq”.