COP29

Onu "Qarabağ"a qaytaran MÜXTƏLİF SƏBƏBLƏR

23 İyul 16:20 Qarabağ 746
Onu "Qarabağ"a qaytaran MÜXTƏLİF SƏBƏBLƏR

"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.

Ağdam təmsilçisi sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.

Məhəmmədəliyev 2016-2024-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyənin "Adana Dəmirspor" klubuna transfer edilib. Şahruddin 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.

Göründüyü kimi, son çempion hamımıza çox yaxın tanış olan sima ilə güclənib.

Lakin onun qayıdışı futbol ictiamiyyətində birmənalı qarşılanmayıb.

Tək səbəb təbii ki, onun "köhlən atlar"ın formasında yol verdiyi kobud xətalardır.

Kütləvi narazılıq olacağını "Qarabağ"ın rəsmi heyəti və məşqçilər korpusu bilməmiş deyildi.

Bəs o zaman klubu narazı kütlə ilə üz-üzə qalmağa məcbur edən nə olub?

Başlıca səbəb ölkədə səviyyəli yerli qapıçı qıtlığının olmasıdır.

Qurban Qurbanovun ən azı daxili yarışlarda qapı mövqeyini etibar edə biləcəyi yerli statuslu oyunçusu olmalıdır. Bu status üçün ümidlər gənc Amil Ramazanova idi.

Onun uzunmüddətli sıradan çıxmasından sonra klub alternativ axtarışına çıxdı.

Ağıla ilk gələn Şahruddin oldu. Halbuki son günlərə qədər onun adı "Sabah" və "Neftçi" ilə birgə çəkilirdi.

Bəli, məhz Amilin planlara daxil olmayan itkisi Qurbanovun sabiq yetirməsinə qapı açmağa sövq etdi.

Bəs Ağdam təmsilçisinin yarasında məlhəm olacaq başqa azərbaycanlı vardımı?

Bu gün autsayder "Şamaxı", pulsuzluqdan gecə-gündüz gileylənən "Kəpəz" əcnəbi qolkiperlərə bel bağlayır.

Çünki normal yerli kiper qıtlığı var.

Deməli, heç ikinci "beşlik"də yer alan klublarımızın çərçivəsinə sığacaq abırlı yerli yox kimidir. O ki qalmışdı "Qarabağ"ın qapı dərdinə məlhəm olsunlar.

Məncə, belə şərtlər altında "Şah"ın qaytarılmasına görə "Qarabağ"ı qınamaq hardasa ədalətli deyil.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti