AFFA U-16 Liqasında 2023/2024-cü illər mövsümünə yekun vurulub.
“Neftçi” Futbol Mərkəzində üçüncü yer uğrunda oyun, “ASCO Arena”da isə final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda “Sabah” üzərində 2:1 hesablı qələbə qazanan “Zirə” yarışı üçüncü sırada tamamlayıb.
Final qarşılaşmasında “Neftçi” və “Qarabağ” üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Neftçi” çempion olub. “Qarabağ” isə gümüş medallara yiyələnib.
Oyunlardan sonra ilk üç yerin sahibləri medallar və diplomlarla təltif olunublar. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər bəlli olub.
Mövsüm ərzində 56 qol vuran “Neftçi”nin hücumçusu Elnur Abdullayev ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.
Finalda komandasının yeganə qolunu vuran “Qarabağ”ın yarımmüdafiəçisi Əli Qazibəyov isə mövsümün ən yaxşı oyunçusu seçilib. Onun U-17 yığmasının da formasını geyinməsini xatırladaq.
Mükafatları AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin rəisi Yusif Vəliyev və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: