"Qarabağ"ın qapıçısı Amin Ramazanov bu gün zədələnib.
O, məşq prosesində xəsarət alıb. Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb.
Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.
Bu hadisə heç yerinə düşmədi və Qurban Qurbanovun transfer planlarını böyük ölçüdə dəyişəcək. Təcrübəli mütəxəssis indi 1 deyil, iki qapıçı almalıdır.
Fabiyan Buntiçin gəlişi yanan barmağa bint bağlamayacaq - bu, bəllidir. Xorvatiyalı «Vizela»dan (Portuqaliya) dəvət olunanda da, bilinirdi ki, baş məşqçi bir tək onunla kifayətlənməyəcək, «çərçivə»yə daha bir ismi alacaq.
Aminin sıradan çıxmasıyla dərdin üstünə dərd gəldi. Qurbanov ölkə çempionatında legioner limitini mütləq surətdə nəzərə almalıdır.
Yerli status daşıyan qapıçının transferi artıq zəruridir. Üstəlik, komanda Çempionlar Liqasında mübarizə aparacaq.
Bu yolun Avropa Liqası, ən pis halda isə Konfrans Liqası var. Bir sözlə, «Qarabağ»ı irəlidə bir-birindən mühüm oyunlar gözləyir.
Avqustun 2-də isə artıq Premyer Liqanın növbəti mövsümü start götürəcək. Deməli, vaxt azdır və Qurbanov Azərbaycan pasportu daşıyan kiper çatışmazlığını tezliklə aradan qaldırmalıdır.
Baxaq görək, belə biri varmı? Zatən, ölkə klubları səviyyəli qapıçı sarıdan korluq çəkir. Olanlar da çoxdan müqavilə bağlayıb.
Boşda qalanlardan Səlahət Ağayevin bir ayağı «Neftçi»dən üzülüb.
Onun son illərdə qeyri-sabit çıxış etməsini, uğursuz oyunlarla yadda qalmasını göz önünə gətirsək, rahatlıqla deyə bilərik ki, Qurban Qurbanov bu riskə getməməlidir.
Keçən sezonu «Qəbələ»də keçirən Rəşad Əzizlini isə «Qarabağ»a götürmək olar. Ancaq əsas komanda üçün yox, bazanın qapısını açıb-örtməyə lazım ola bilər.
Güman yenə Şahruddin Məhəmmədəliyevə gedir. 2023-cü ilin sentyabrında «Adana Dəmirspor»la anlaşan «Şah» hazırda azad agent statusu daşıyır.
Maliyyə problemləri yaşayan Super Liqa təmsilçi ilə müqaviləsinə xitam verən Məhəmmədəliyevin təklifləri başından aşır. Türkiyə ilə yanaşı, Azərbaycandan da dəvətləri var.
«Neftçi» ilə «Sabah»ın arxasınca düşməsindən xəbərdarıq. Elə isə «Qarabağ» keçmiş qapıçısını niyə geri qaytarmasın?
Bu dar macalda ondan yaxşı birini tapmaları qeyri-mümkündür. «Şah» uzun illər «Qarabağ»da çıxış edib, rəhbərliyi, məşqçiləri, futbolçuları tanıyır.
Əlqərəz, camiəyə A-dan Z-yə bələddir. 10 aylıq aradan sonra geri dönsə, adaptasiya problemi yaşamayacaq.
Buranın daşı da, divarı da ona tanışdır, doğmadır. İkinci qapıçı kimi komandaya qaytarılsa, azarkeşlərin də reaksiyası müsbət olmalıdır.
Düzdür, öncəki illərdən bəzi mənfi xatirələri var, ancaq bütün bunlar keçmişdə qalıb. İndi isə irəli boylanmaq lazımdır,
Qurban Qurbanov çox axtarış etsə belə, bu gün Aminin yerini doldurmağa Şahruddindən səviyyəli başqa yerli tapmayacaq. İstədi, istəmədi, heç kimi dinləmədən, «o, nə deyər, bu deyər»ə fikir vermədən onu geri qaytarmağa çalışmalıdır.
«Qarabağ»ı daha bir problemdən xilas etmək naminə.
SPORTİNFO.AZ