“Növbəti mövsüm üçün metodist şöbə açmağı düşünürük, buna çox ehtiyacımız var”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev deyib.
Son 1 ildə “köhlən atlar”ın akademiyasının fəaliyyətinin müsbət istiqamətə yön aldığını görməmək mümkün deyil.
Bunu digər klublarında çalışan akademiya rəhbərləri də söhbətlərində etiraf edirlər. Hacıyev bunun üçün qısa müddətdə nələri dəyişə bildi?
Onu dinləyək:
“Güclü seleksiya işi apardığımızı deyə bilmərəm. Heç məşq proseslərinə ciddi müdaxilə etdiyimizi də demək olmaz.
Çünki bu il meydançamızın örtüyü dəyişdirildi. Məcburən iki komanda bir meydançada məşq etməli oldu.
Düşünürəm ki, psixoloji baxımdan söhbətlər çox olundu. Həm məşqçilər, həm də futbolçularla.
Yanaşma bir qədər dəyişdi. Məsuliyyət daha da artdı. Hiss edirəm ki, bu yöndə ciddi işlər görüldü.
Strukturdakı bəzi dəyişiklikdən fayda gördüyümüzü deyə bilərəm. Əvvəl skaut yox idi.
Bu gün akademiyada skautumuz var. Sayı yetərli olmasa belə.
Koordinatır köməkçiləri fəaliyyətə başlayıb. Gələcəkdə fiziki hazırlıq üzrə şöbənin olmasını çox istəyirəm.
Çünki futbolçuların atletik səviyyəsini yüksəltmək lazımdır. Uşaqlar öz üzərlərində çalışmırlar.
Kimsə 1-2 dəfə həvəsli ola bilər. Amma ümumi götürəndə bu baxımdan çox geridə qaldığımız görünür.
Avropadakı akademiyalarda 8-9 fiziki hazırlıq məşqçiləri çalışır. Amma bizim ölkədə heç bir klubda fiziki hazırlıq məşqçisi yoxdur.
İş çoxdur. Getdikcə infrasturukturu yaxşılaşdırmaq, işçi sayını çoxaltmaq mütləqdir.
Getdiyim akademiyalarda hər bir şöbənin minimum 6-8 nəfərlik işçi qrupuna sahib olduğunu görmüşəm”.