COP29

"Qarabağ"dan nümunəvi addım - Bu dəfə...

3 İyul 19:40 Qarabağ 2 185
"Qarabağ"dan nümunəvi addım - Bu dəfə...

Uşaq futbolunda ən böyük problemlərdən biri də məşqçilərin peşəkarlığı kimi, əmək haqqılarının da çox aşağı olmasıdır.

İllərdi bu məsələ müzakirə olunur, ancaq tədbir görən yoxdur.

Ən çox arzuolunan isə odur ki, tanınmış veteran futbolçularımızı uşaqlarımızla birgə iş başında görək.

Son illər yaxşı məşqçilik məktəbinin olduğu sirr deyil.

Qurban Qurbanovun təməlini atdığı yolunun məzunları iki əlin barmaq sayından da çoxdur.

Bu, bizi sevindirməyə bilməz.

Amma təəssüfləndirən hal odur ki, həmin istedadlı məşqçilərimiz ya Premyer Liqada işləyirlər, ya da evdə oturublar.

Elə bir ortam formalaşdırılıb ki, sanki onların digər liqalarda və ya akademiya komandalarında çalışması ayıb bir işdir.

Düzdü, bu məqamda Zaur Həşimov kimi parlaq nümunənin olmasını da unutmaq olmaz. "Zirə"nin sabiq baş məşqçisi ikinci mövsümdür "Zirə-2" kollektivini çalışdırır.

Gənc mütəxəssis daha əvvəl isə akademiyanın koordiantoru vəzifəsini icra edib. Bəli, ideal şərtlər altında çalışmaq imkanlarına sahib deyil, lakin yaxasını da kənara çəkmir. Gənc futbolçulara fayda vermək üçün əlindən gələni edir. Amma belə məşqçilərimizin sayı bir əlin barmaq sayı qədər deyil.

Deyəsən, bu məsələdə də "Qarabağ" bayraqdan rolunu oynamağı üzərinə götürüb.

Futbolumuzun xoş üzü olan Ağdam təmsilçisi son bir ildə bir neçə tanınan sabiq üzvünü akademiyada işlə təmin edib.

Rauf Əliyev, Rəşad Sadıqov kimi adlar əyani sübutdur.

İndi isə Maksim Medvedev həmin karvana qoşulur.

Ötən ay karyerasını başa vuran sabiq kapitan U-14 komandasında Samir Musayevin möməkçisi kimi fəaliyyət göstərəcək.

Elə Musayev özü də həm "Qarabağ"ın, həm də milli komandamızın sabiq üzvüdür.

Akademiya uşaqları qarşılarında belə adları görəndə məsuliyyətləri artır.

Elə zaman-zaman eşditdiyimiz qara-qura söhbətlər də bu adların yanında kölgədə qalmış olur.

Ümid edək ki, tendensiya davam edəcək.

Hətta digər klublarımız da "köhlən atlar"ın tutduğu düzgün yola qoşulacaqlar.

Və ən əsası kənarda qalan bacarıqlı mütəxəssislər yalnız Premyer Liqa həvəsi ilə yaşamayacaqlar.

İlk fürsətdə digər liqalar və akademiya komandalarında da çalışmaq təklifinə isti yanaşacaqlar.

Azərbaycanlı balaların yaxşı gələcəyi naminə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti