“Qarabağ” Avropa Liqasındakı növbəti rəqibi Almaniya nəhənglərindən biridir.
Qrupdakı ilk matçı qalibiyyətlə başa vuran “köhlən atlar” “Bayer Leverkuzen”lə səfər qarşılaşmasında da sərfəli nəticəyə ümid edir.
Lakin “qırmızı-qaralar”ın ev matçlarındakı göstəriciləri sözün əsl mənasında təhlükə saçır.
Bundesliqada 8 oyundan sonra topladığı 22 xalla turnir cədvəlinə liderlik edən Xabi Alonsonun çalışdırdığı kollektiv “BayArena”da qarşısıalınmazdır.
Cari mövsümdə doğma meydanda Bundesliqa çərçivəsində 4, Avropa Liqasının qrup mərhələsi çərçivəsində 2 oyun keçirən “Bayer Leverkuzen” bütün matçları qalibiyyətlə başa vurub.
“Qarabağ”ın rəqibi 4-ü Bundesliqa, 2-si yoldaşlıq görüşü, 1-i Avropa Liqasının oyunu olmaqla ardıcıl 7 matçdır ki, “BayArena”da qələbəyə sevinir.
Və ən maraqlısı, bu oyunların hamısında rəqib qapılarından azı 3 top keçirib. Öz meydanında son 3 görüşü darmadağınla başa vurub, ümumilikdə 5 qarşılaşmada azı 3 top fərqi ilə qalib gəlib.
Bir sözlə, “BayArena” cari mövsümdə rəqib komandalar üçün qorxulu röyaya çevrilib. Ümid edək ki, “Qarabağ” almanların uğurlu qrafikinə son qoyacaq.
Oktyabrın 26-da keçiriləcək “Bayer Leverkuzen” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ