Məlum olduğu kimi, oktyabr ayının 26-da Almaniyanın Leverkuzen şəhərində "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Bayer"lə ilə qarşılaşacaq.
Almaniyada yaşayan həmvətənlərimizin də böyük həyəcan və səbirsizliklə gözlədiyi oyundan hansı gözləntilərimiz var?
Bizi düşündürən bu sualın cavabını bu dəfə ənənəvi olaraq futbol şərhçilərində, yetkin insanlarda deyil, Leverkuzen şəhərində yaşayan və peşəkar şəkildə futbolla məşğul olan yeniyetmə həmyerlimizdə axtardıq.
Əli Babalı 2017-ci ildən ailəsi ilə birlikdə Almaniyada yaşayır. 2018-ci ildən Leverkuzen şəhərinin "SC Leverkusen" futbol klubunun oyunçusudur.
Hazırda eyni adlı klubun 14 yaşlılardan ibarət komandasının 1-ci heyətində sol cinah yarımmüdafiəçisi mövqeyində oynayır.
Onun "Bayer" - "Qarabağ" qarşılaşmasından gözləntisi böyükdür. Əli "Qarabağ"ı dəstəkləyir. Ancaq o, oyunun asan keçməyəcəyini təxmin edir. Çünki hər iki komanda qrup mərhələsində indiyə qədər məğlub olmayıblar:
"Baxmayaraq ki, Leverkuzendə yaşayır və burada futbolla məşğul oluram, "Qarabağ"ın qələbə qazanması mənim üçün çox qürurverici olar.
Düşünürəm ki, bu, mənə komanda yoldaşlarım arasında da başucalığı gətirər. Daxili çempionatda "Bayer"ə azarkeşlik etsəm də, bu oyunda mən "Qarabağ"ı dəstəkləyirəm.
Çünki Azərbaycan çempionatında da mənim favoritim məhz "Qarabağ"dır. Onu da vurğulayım ki, oyunu dostlarım və ailəmlə birlikdə stadionda canlı izləyəcəm.
Bu, həm çox həyəcanlı, həm də qürurvericidir. "Qarabağ"a qarşıdan gələn oyunda uğur və qələbə arzulayıram. İrəli "Qarabağ"!