Bax, "Qarabağ"a belə klass hücumçu lazım idi!

6 Oktyabr 2023 19:00 Qarabağ 8 269
Bax, "Qarabağ"a belə klass hücumçu lazım idi!

«Qarabağ» Avropa Liqasında çətin səfərlərindən birini arxada qoydu.

Çempionumuz uzaq və soyuq İsveçdə soyuqqanlı oynayaraq, «Hakken»ə ardıcıl ikinci məğlubiyyəti yaşatdı və xal ehtiyatını 6-ya çatdırdı.

Qruplan çıxmaq? Vəzifənin öhdəsindən gəlindiyi hələ söylənməz. Qarşıda bir-birindən prinsipial və ağır daha 4 oyun var, bu müddətdə çox sular axa bilər hələ.

Əsas addım-addım hədəfə tərəf yön almaqdır və «Qarabağ» öz üzərinə düşəni, bacardığını etməkdədir. İndiki məqam üçün ən düzgün strategiya da budur. Nə tələsmək olar, nə də gecikmək.

Göteborq şəhərinin ötən əsrin incəsənət əsəri sayıla biləcək «Ulevi» stadionu ilk dəqiqələrdən «Qarabağ»a xoş üz göstərmədi.

Meydan yaş, ağır və sürüşkən idi. Buna öyrəşmək 15-20 dəqiqə vaxt aldı.

Qurban Qurbanov kənardan nə qədər qışqırsa da, futbolçuları adi vəziyyətdə, dayandıqları yerdə topu ayaqlarında saxlamağa çətinlik çəkirdi.

Bir az sonra meydanın ağırlığını unutmağa başladılar və bu, «Qarabağ»ın topla toplu üstünlüyü ələ almasına kömək etdi.

Sürəti və təzyiqi artırdılar. Hücumları şaxələndirdilər. Gah cinahlardan, gah da mərkəzdən həmlə qurub, cərimə meydançasındakıların rahatlığını pozdular.

Allah Kevin Medina ilə Bədavi Hüseynovu «Qarabağ»a çox görməsin, «Qarabağ»ı da onlara! Julio Romao ilə Marko Yankoviç heç də…

Bu dörd fiqur dünən «Qarabağ»ı çox təhlükədən qorudu. Düzdür, «Hakken» həm ilk, həm də ikinci hissədə 2 əla qol fürsəti yaxaladı, gərək buna da adi yanaşaq.

Rəqib ölkəsinin çempionudur və ev sahibi qismindədir. Avrokuboklarda ilk dəfə qruplara qalmağın sevincini yaşamaqla kifayətlənmək istəmirlər.

Amor Layuni və Eduard Çilufya kimi hücumçuları olan komanda, deyirsiz, qol epizodu yaxalamasız.

Mən böyük məmuniyyət hissi ilə hər ikisini Azərbaycan çempionatında izləmək istərdim. «Neftçi»ni, «Sabah»ı, «Zirə»ni, lap «Qarabağ»ın özünü gücləndirəcək qədər səviyyəli forvarddılar.

Xudanın bəndəsi olaraq mən Juninyonu də bəyəndim. Qurban Qurbanovun dörd-beş ay öncə «Qarabağ»lı etdiyi braziliyalının fərqləndiyi epizod dərsliyə salınmalıdır.

Topu Benziadan necə qəbul etdi, necə çevrildi, necə qapının yaxın küncünə zərbə endirdi – tam bir klass!

Varam da belə iti düşünən ağıl yiyələri ilə! Kadi Borges zəkasında bir yeni legioner əldə etməsi münasibətilə Qurban Qurbanova buradan təbriklərimi çatdırıram!

Qələbə hesabı ilə bərabər!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
19 Fevral 18:10 Çək və bizə göndər!
19 Fevral 11:20 Deyin, biz də VARIQ!