“Sumqayıt” üzərində parlaq qələbə qazanan “Qarabağ” səfər hazırlaşır.
Cümə axşamı “Hekken”in qonağı olacaq ağdamlılar İsveçə oyundan iki gün əvvəl yollanacaq.
“Köhlən atlar”ı Bakıdan Stokholma aparacaq çarter reysli təyyarə oktyabrın 3-ü axşam saat 6 radələrində havaya qalxacaq.
Qurban Qurbanov zədəli futbolçuların da komandanın yanında olmasına qərar verib. Bu o deməkdir ki, Bəhlul Mustafazadə, Redon Cica, Abbas Hüseynov və Marko Veşoviç də təyyarədə yer alacaqlar.
Adama Diakabi? Bəli, o da gedəcək. Adı Avroliqanın iştirak ərizəsinə salınmayan fransız vingerin də kollektivlə birlikdə olması məqsədəuyğun bilinib.
Son Azərbaycan çempionunun üzvləri oktyabrın 3-ü gec saatlarda mənzil başına çatıb, ertəsi, yəni çərşənbə günü oyunöncəsi son məşqə çıxacaq.
“Qarabağ” İsveç paytaxtının ən dəbdəbəli otellərindən olan “Scandic Opallen”də məskunlaşacaq.
Oktyabrın 5-də Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində keçiriləcək “Hekken” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da “Ullevi” stadionunda başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ