“Qəbələ” – “Qarabağ” matçının ilk hissəsində yaşananlar oyuna damğa vurdu.
Qonaqların müdafiəçisi Kevin Medina ilə Bilel Auaşeriya arasında top uğrunda ikili mübarizə əlbəyaxa davaya çevrilincə, Elçin Məsiyev Kevini meydandan qovdu.
Ardınca “Qəbələ”nin məşqçisi Rasim Ramaldanova da qırmızı vərəqə göstərdi.
Oyun başa çatandan sonra vaxtilə Portuqaliyada oynamış legionerlər qol-boyun olub, ətrafdakılara bir qədər əvvəl meydanda yaşananların orada qaldığına dair mesaj verdi.
Auaşeriya Sportinfo.az-a açıqlamasında Medina ilə arasında yaşanan qalmaqala aydınlıq gətirib:
“Futbolda görməyə alışdığımız normal oyun epizodu idi. Bunu faciəyə çevirməyin tərəfdarı deyiləm.
Mən topu Kevindən almağa çalışırdım və həmin an istəmədən əlim onun başına dəydi.
O isə hərəkəti qəsdən etdiyimi düşünərək üstümə gəldi. Hadisələrin sonrakı axarı hamıya məlumdur. Həmin an niyyətim Kevini vurmaq deyildi.
Elə buna görə də oyun başa çatandan sonra ona yaxınlaşıb vəziyyəti başa saldım, o da məni anlayışla qarşıladı.
Hər şey qaydasındadır, aramızda hansısa inciklik və ya intriqa yoxdur. Vaxt tapıb Bakıda da görüşüb ətraflı söhbət edəcəyik”.
Premyer Liqanın 7-ci turu çərçivəsində keçirilən “Qəbələ” – “Qarabağ” oyunu 2:1 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb.
HƏBİB