COP29

“Qurban Qurbanov ən çox ona hirsləndi” – “Qarabağ”ın kapitanı gizli heç nə qoymadı

27 Sentyabr 2023 20:00 Qarabağ 5 745
“Qurban Qurbanov ən çox ona hirsləndi” – “Qarabağ”ın kapitanı gizli heç nə qoymadı

“Qəbələ”ylə oyundan sonra “Qarabağ”lı futbolçuların çöhrəsindəki təbəssümü görməyə dəyərdi.

Son ölkə çempionun azlıqda qalmasına rəğmən çətin bölgə səfərində qələbə qazanması kollektivdəki ab-havanı bir az da yüksəltmişdi.

Komandanın təcrübəli futbolçularından olan, kapitan Maksim Medvedev Sportinfo.az-a müsahibəsində həm oyunla bağlı fikirlərini dilə gətirib, həm də digər suallarımızı cavablandırıb.

- Qəbələdə bu cür çətinliklə üzləşəcəyinizi gözləyirdin?

- Əslində oyuna çox yaxşı başlamışdıq. Erkən qollar vurmaqla işimizi asanlaşdırmışdıq. Hətta üçüncü qolu da vura bilərdik. Bundan sonra komanda sanki “boşaldı”, rahatlaşdı. İlk hissənin ortalarından başlayaraq “Qəbələ” pressinq etməklə rahatlaşmağımızdan istifadə etmək istədi və bu, onlarda yaxşı alınırdı. Hiss olunurdu ki, oyunda aqressiya olacaq. Artıq buna öyrəşmişik. Bizə qarşı bütün komandalar motivasiya ilə oynayır. Azlıqda qalandan sonra çətinlik çəkməyimizə baxmayaraq yekunda 3 xalı aktivimizə yazmağı bacardıq.

- Qurban Qurbanovun qırmızı vərəqə almasına yəqin ki, sən də təəccübləndin. Çünki onu hər imkanda bu dərəcədə aqressiv görmək mümkün deyil.

- Qurban hocanın sonuncu dəfə nə vaxt bu cür əsəbləşdiyini xatırlamıram. Ən çox Kevin Medinanın hərəkətinə hirsləndi. Hoca həmişə bizə artıq hərəkətlər etməməyi, rəqibin təxribatına uymamağı tapşırır. Həmin oyunçu iki dəfə Kevinin başına vursa da, hakim görməmişdi. Ancaq Medinanın cavab zərbəsini gördü və qırmızı vərəqə göstərdi. Qırmızı vərəqə bizi çox çətinə saldı. Dörd gün əvvəl “Molde” ilə matçda çox güc itirmişdik, üstəlik, Bakıdan Qəbələyə gəlmişdik. Yorğunlıq fonunda 10 nəfərlə mübarizə aparmağımız çətin idi. Məncə, hocanı ən çox özündən çıxaran Kevinin hərəkəti idi.

- Nüfuzlu avrokubok oyunlarından sonra çempionat matçlarına köklənmək çətin deyil?

- Qəbələdə futbol oynamaq adama ləzzət edir. Bura yaxşı əhval-ruhiyyədə gəlmişdik, qazonun durumu idealdır, hava da əla idi. Üstəlik, stadion kompaktdır, azarkeş sayı az olanda belə yaxşı atmosfer olur. Adi çempionat oyunu olsa da, gərginlik yüksək həddə idi. Qırmızı vərəqəyə kimi oyundan zövq alırdıq. Azlıqda qalandan sonra işimiz çətinə düşdü. Hər yerdə bu cür ab-hava olsa, məncə, avrokubok və çempionat görüşləri arasında ciddi fərq olmaz.

- “Zirə” çoxlarının gözləmədiyi halda turnir cədvəlinə liderlik edir. Vaxtilə komanda yoldaşın olmuş Rəşad Sadıqovun çalışdırdığı kollektivin “Qarabağ”ı qabaqlaması necə hisdir?

- Məlum məsələdir ki, biz iki cəbhədə mübarizə aparırıq. Belə olduğu halda çempionat oyunlarında boşluqların yaranması normaldır. Reallıq budur ki, Rəşadın komandası çox yaxşı start götürüb. Hamı onlardan danışır. Hələ çempionatın heç ilk dövrəsi başa çatmayıb. Ona görə də əsl mübarizənin irəlidə olduğunu düşünürəm.

- Startda büdrəyib, sonradan fərqi aradan qaldırmağa öyrəncəlisiniz artıq.

- Əlbəttə. Mövsüm olub ki, avrokuboklarda mübarizə aparan dönəmdə liderdən 9 xal geri qalmışıq, ancaq çempionat başa çatanda ən yaxın izləyicimizi 13 xal qabaqlamışıq. Bu cür rəqəmlər yadımdadır. “Zirə”nin haqqını verməliyik, bu gün öz oyunlarının hesabına ilk pillədə qərarlaşıb. Çox hərəkətli komandadır. Əlimizdən gələni edəcəyik ki, onlara çataq.

- Özünlə bağlı vəziyyət necədir? Yayda verəcəyin qərarı indidən götür-qoy edirsən?

- Belə dəqiq nəsə demək olmur. Hər şey hadisələrin axarından asılı olacaq.

- Orqanizmin nə deyir?

- Orqanizmim yaxşıdır. Bu gün “Qəbələ”yə qarşı bir hissə 10 nəfərlə mübarizə aparıb qələbə qazanırıq. Uzun fasilədən sonra “Molde”yə qarşı oynayıb pis təsir bağışlamıram. Məşqlərdəki statistikaya baxanda həmişə ilk 3-lükdə, ən pis halda 5-likdə oluram. Bunların özü də nəsə deməkdir.

- Demək ki, Maksim daha 1-2 il oynamaq istəyir.

- Maksimin gücü var, oynaya bilər. Amma çempionatın necə gedəcəyinə, komandaya nə dərəcədə lazım olacağıma baxacağıq. Bu gün “Qarabağ”da 5 stopper, 2 sağ, 2 sol cinah müdafiəçisi var. Amma baxırıq ki, heç də hamısı bizimlə deyil. Marko Veşoviçlə Abbas Hüseynov neçə vaxtdır kollektivdən ayrı düşüb. Mateus Silva arada zədələnmişdi. Bəhlul Mustafazadə son həftələrdə bizimlə deyil. Bir ara Bədavi Hüseynovla Rahil Məmmədov yox idi. Belə olduğu halda mən şans qazanıram. Çempionata “sol”dan başladım, sonra “sağ”da oynadım, sol stopper kimi çıxış etdim, “Molde”ylə matçda sağ stopper kimi şans qazandım.

- Bunları başa düşdüm. Birdən “Qarabağ” mövsümün sonunda göstərdiyin xidmətlərə görə təşəkkür etsə necə? Karyeranı davam etdirəcəksən, yoxsa elə həmin an nöqtə qoyacaqsan?

- Duruma baxacam. Açığı, bu barədə düşünməmişəm və “Qarabağ”dan ayrılmağımla bağlı mənzərəni gözlərimin önündə canlandırmamışam.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti