COP29

Düz 6 ildir “Qarabağ”a….

25 Sentyabr 2023 03:00 Qarabağ 880
Düz 6 ildir “Qarabağ”a….

Azərbaycan Premyer Liqasının VII turunda “Qarabağ”ı qəbul edəcək “Qəbələ” çempionat çərçivəsində 6 ildir rəqibinə qalib gələ bilmir.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” sonuncu dəfə 2017-ci ilin oktyabrında, Roman Qriqorçukun rəhbərliyi altında doğma meydanında reallaşan görüşdə minimalhesablı (1:0) qələbə qazanıb.

Həmin vaxtdan bəri baş tutan 20 duelin 16-da hesabına 3 xal yazdıran “Qarabağ” digər 4 qarşılaşmada heç-heçə ilə kifayətlənib.

Bu həm də “Qarabağ”ın “Qəbələ” ilə 30-cu səfər dueli olacaq. Ağdamlılar indiyə qədər təşkil olunan 29 səfər matçının 14-də qələbə sevinci yaşayıblarsa, 7 dəfə xalsız qaydıblar. 8 oyunda isə bərabərlik qeydə alınıb.

Ümumiyyətlə, komandalar iki gün sonra Premyer Liqada 59-cu dəfə üz-üzə gələcəklər. 2006-cı ildə başlayan rəqabət çərçivəsində geridə qalan 58 matçda “Qarabağ” böyük üstünlüyə malikdir.

Ağdam təmsilçisi 33 qalibiyyət fonunda 10 dəfə uduzub. 15 qarşılaşma isə “sülh”lə nəticələnib. Bu üstünlük top fərqinə də əksini tapıb. “Qarabağ”ın 93 qoluna “Qəbələ” 44 qolla cavab verib.

Komandalar arasındakı görüşlərdə indiyə qədər 9 dəfə böyükhesablı nəticə qeydə alınıb. Maraqlıdır ki, bunun hamısında üzülən tərəf “Qəbələ” olub.

Ağdamlılar altı dəfə 3:0, bir dəfə 4:1, bir dəfə 5:1 hesabı ilə qalib gəliblər. Qurban Qurbanovun kollektivi ən böyükhesablı qələbəsini 2021-ci ilin aprelində gerçəkləşən görüşdə əldə edib.

Həmin vaxt Qəbələdəki qarşılaşmada meydan sahibləri 5 cavabsız qolla məğlub olublar.

“Qarabağ” “Qəbələ” ilə çempionatda keçirdiyi son 6 matçın hamısında 3 xal qazanıb. “Qırmızı-qaralar” axırıncı dəfə 2021-ci ilin noyabrında qolsuz bərabərlik sayəsində rəqibindən xal almağı bacarıb.

Sentyabrın 25-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 19:00-da başlayacaq. Hazırda “Qarabağ” 10 xalla turnir cədvəlinin ikinci, “Qəbələ” isə 4 xalla sonuncu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti