“Məqsədim “Neftçi”ni layiq olduğu yerə - Azərbaycanda ən yüksək mövqeyə qaytarmaq və Azərbaycanı Avropada qürurla təmsil etməkdir.
İnanıram ki, “Neftçi” Avropa futbol meydanlarında böyük uğurlar əldə edəcək”.
Bu fikirləri Adrian Mutu “Neftçi”yə təyinatından sonra verdiyi ilk müsahibədə dilə gətirmişdi.
Danışmaqdan gözəl nə var?
Əsas odur ki, əməl edəsən.
“Ağ qaralar” rumıniyalı mütəxəssisin rəhbərliyi altında avrokuboklardan kənarda qaldısa, milli çempionatda da xal itkilərini saga-sola xərcləməklə məşğuldur.
Komanda meydana çıxdığı 5 matçda 8 xal toplaya bilib.
Deməli, sözlə əməl hələki tərs düşür.
Təbii ki, heç kim dövrünün sehrbaz futbolçularından olan adamdan qısa müddətdə “Neftçi”də xarüqələr yaratmasını gözləmir(di).
Pərən-pərən düşən kollektivi böyük uğurlara hazırlamaq üçün zaman lazımdır.
Rəhbərlik də bunu gözəl anlayır.
Əbəs deyil ki, onun gəlişinə kimi Emil Balayevlə Filip Ozobiç transfer olunmuşdusa, rəsmilər Mutunun təyinatından sonra Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Samuel Olanare, Dieqo Valdez, Rizuan Mirzovun keçidlərin rəsmiləşdirə bildi.
Kifayət qədər kəmiyyəti çox, keyfiyyəti böyük, qiyməti də öz yerində olan futbolçulardı.
Son illər Bakı klubunda heç kimə belə heyət həvalə olunmayıb.
Heç komandaya çempionluq qazandıran Samir Abasova belə.
Milli komandaların oyunlarına görə yaranmış fasiləyə kimi Mutunun “Neftçi”sindən ümid verən nəsə görmədik.
Hətta “Qəbələ” və “Sumqayıt” üzərində qazanılan ardıcıl vacib qələbələrdə belə.
Rəsmilərin ona ümidi isə tamdır.
Bunun nəticəsidir ki, fasilə dönəmini kollektiv Türkiyədə keçirməyə hazırlaşırdı.
Sadəcə son anda yerləşmə ilə bağlı problem olduğu üçün səfər iptal olundu.
Mövsüm öncəsi kollektivlə tam hazırlıq keçə bilməyən Mutuya belə fürsət Qəbələdə yaradıldı.
Və 5 günlük təlim-məşq toplanışının yekununda çalışdırıcı hər şeydən razılıq ifadə edib:
"Buradakı yaxşı şəraitə, yaxşı meydançalara görə toplanış üçün Qəbələni seçdik. Qarşımızda iki məqsəd var idi.
Həm fiziki, həm də taktiki cəhətdən çalışmalar etməli idik. Düşünürəm ki, futbolçular bu beş gün ərzində verdiyim tapşırıqları yaxşı yerinə yetirdilər.
Onlardan istədiyimi ala bildim. İntensiv məşqlər olu, gündə iki dəfə məşq edirdik.
Komanda özünü yaxşı tərəfdən göstərdi. Bura gəlməyimizin məqsədi də yaxşı hazırlaşmaq idi".
İndi qalır həmin yaxşılıqları meydana yansıtmaq.
Parlaq qələbələrlə “Neftçi” tərəfdarlarını sevindirmək.
Bir sözlə, Mutu nə dedi, rəhbərlik baş üstə elədi.
İndi meydan sənindi, Mutu!
XANOĞLAN İMANOV