“Qarabağ” gəlir – Qapazaltı, “sintetika”, itkilər...

16:40 Qarabağ 752
“Qarabağ” gəlir – Qapazaltı, “sintetika”, itkilər...

Ötən həftə “Sumqayıt” önündə darmadağın olan (0:3) “Kəpəz” bu dəfə daha çətin sınaq qarşısındadır.

Elitada qalmaq uğrunda mübarizə aparan Gəncə təmsilçisi üçüncü dövrənin sonuncu turunda son çempion “Qarabağ”la münasibətlərinə aydınlıq gətirəcək.

Bir tərəfdə turnir cədvəlinin lideri, digər tərəfdə sonuncu yerdən bir pillə yuxarıda qərarlaşan “Kəpəz”.

Təbii ki, sözün bütün mənalarında oyunun favoriti “Qarabağ”dır. Lakin məhz bu matç üçün bəzi məqamlar var ki, ağdamlıların Tovuz səfərindən xal itkisi ilə qayıdacağı ehtimalını yaradır.

Bu qədər qapazaltı olar?

Nizami yurdunu təmsil edən komanda nə az, nə çox, düz 23 ildir “köhlən atlar” üzərində qələbə qazana bilmir. Sonuncu qalibiyyətini 2002-ci ilin aprelin 6-da Gəncədə 3:0 hesablı qalibiyyətlə bayram edən “sarı-göylər” o vaxtdan bu yana baş tutan 34 oyunun heç birində “Qarabağ”ı uda bilməyib.

Komandalar arasında baş tutan son 5 qarşılaşmanın 4-də Qurban Qurbanovun komandası rəqini darmadağın edib – 7:1, 6:1, 3:0, 5:0.

Yəqin ki, Azər Bağırov məlum fakt barədə yetirmələrini məlumatlandırıb. Uzağa getməyib, ötən həftə “Sumqayıt”dan alınan darmadağını da nəzərə alsaq, “Kəpəz”in bu dəfəki görüşə hansı motivasiya ilə çıxacağını təxmin etmək çətin deyil. Bir komanda eyni rəqibin qarşısında nə qədər qapazaltı olar?

“Sintetika” qorxusu

“Qarabağ”ın süni örtüklü meydanlarda çətinlik çəkməsi sirr deyil. Çempionun “Səbail”, “Şamaxı”, “Turan Tovuz”la səfər oyunlarındakı nəticələrinə baxsanız, ümumi vəziyyətlə yaxından tanış olacaqsınız.

Bəli, qələbələr olub, lakin min bir çətinlik bahasına. “Qarabağ” “sintetika”da istədiyi sürəti sərgiləyə bilmir. Bununla yanaşı, ağır zədə almaq ehtimalı futbolçuları bir qədər ehtiyatlı davranmağa məcbur edir.

Oyunun Tovuzda keçiriləcəyi nəzərə alsaq, “Qarabağ”ın süni örtükdə özünü “suda balıq kimi” hiss etməyəcəyi dəqiqdir. Əksinə, bu məqam “Kəpəz”in xeyrinə işləyəcək. “Sarı-göylər” nominal meydan sahibi olduğu matçlarda uğurlu nəticələr qazanmağı bacarır.

Bu qədər itki olar?

Bu dəqiqə Qurban Qurbanovu narahat edən sual məhz budur. “Köhlən atlar” səfər qarşılaşmasına dörd itki ilə çıxacaq. Abbas Hüseynov zədədən əziyyət çəkirsə, Musa Qurbanlı, Elvin Cəfərquliyev və Marko Yankoviç cəzalı duruma düşüb.

Orta sahədəki faydalılıq əmsalı yüksək olan Yankoviçin yoxluğu ciddi itkidir. Birdən-birə üç azərbaycanlının kənarda qalması isə heyəti müəyyənləşdirmək və əvəzetmələr limit baxımından baş məşqçinin işini xeyli çətinləşdirəcək.

“Qarabağ”ın heyətinin zəngin olduğunu düşünsək, Qurbanovun dərdə əlac tapacağını ehtimal edə bilərik. Ancaq istənilən halda müəyyən axsamalara yol açacaq.

Martın 15-də Tovuz şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti