Fevralda «Ferentsvaroş»la müqavilə imzalayan Kvabena Ovusudan sonra «Qarabağ»ın daha bir futbolçusu Macarıstana yollana bilər.
17 qolla Premyer Liqanın cari mövsümünün ikinci bombardiri olan Ramil Şeydayev bu ölkədən dəvət alıb.
«Debresen» onunla yaxından maraqlanır. OTP Bank Liqanın iddialı klubu millimizin də formasını geyinən hücumçuya 2 illik müqavilə təklif edib.
«Debresen» bu mövsüm avrokuboklara vəsiqə qazanmağa çox yaxındır. 23 tura 34 xal toplayan komanda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
«Köhlən atlılar» da Şeydayevi Azərbaycanda saxlamağa çalışır.
İki il öncə bura geri dönmüş forvarda ikiiilik yeni müqavilə təklif olunub. Əvvəlkindən daha yüksək şərtlərlə.
O, xaricdən çağırışlar aldığını deyərək, «Qarabağ»ın qarşısına qoyduğu kontraktla danışıqları may ayına saxlayıb.
SPORTİNFO.AZ