“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinin V turundakı rəqibi “Lion”dur.
Komandadakı ümumi vəziyyət baş məşqçi Qurban Qurbanovun ürəyincədir.
Marko Veşoviç zədəsini tam sağaldıb, “Ayaks”la oyunda meydandan qovulan Elvin Cəfərquliyevlə Julio Romaonun cəzası “Budyo Qlimt”lə matçda başa çatıb.
Odur ki, yeganə itki Bədavi Hüseynovun adı ilə bağlıdır. Azərbaycan millisində zədələnən təcrübəli müdafiəçi fransızlarla dueli kənardan izləyəcək.
“Ayaks”la qarşılaşmanın fasiləsində hakimə etiraz etdiyi üçün qarşısında qırmızı vərəqə görən köməkçi məşqçi Çudomir Çakarova verilən 2 oyunluq cəza “Lion”la görüşdə başa çatacaq.
Yeri gəlmişkən, adları Avropa Liqasının iştirak ərizəsinə salınmayan Redon Cica, Şahruddin Məhəmmədəliyev, həm də zədədən əziyyət çəkən Amin Ramazanov cümə axşamı meydana çıxa bilməyəcək.
Noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunun start fiti saat 21:45-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ