«Hələlik dəqiq olan yeganə məsələ budur ki, Mahir «Qarabağ»ı çempion kimi tərk edə bilmədi».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Mahir Emrelinin meneceri Tural Əsgərov deyib.
«Qarabağ»dan ayrılan hücumçunun karyerasını Polşada davam etdirmək perspektivi barədə danışan tanınmış agent «Legiya» variantının gerçəkləşmək ehtimalını yüksək qiymətləndirib:
«Ona təklif göndərən kldublar arasında «Legiya» favoritdir. «Legiya» variantı reallığa yaxındır deyə bilərik. Amma hələ son qərar verilməyib.
Bütün müqavilə şərtləri tam razılaşdırılmayıb. Ona görə də bu transferin baş tutacağını əminliklə söyləmək hələ tezdir. Maliyyə şərtlərini mən açıqlamayacam.
Mətbuatda yazılıb ki, Polşa klubu Mahirə illik 450 min avro maaş verəcək. Bu, düzgün məlumat deyil.
Düzdür, maliyyə şərtlərində anlaşma var, sadəcə, bonuslar kimi bəzi texniki məsələlər qalıb.
Adətən, müqavilə sənədləri 1-2 vərəqdən ibarət olmur, çox vaxt 10 səhifəni keçir. Hamısını bir-bir oxumaq və analiz etmək lazım gəlir.
Sənədlərdə elə bəndlər olur ki, adamı açmır, onun da müzakirəsi getməlidir. Mən tərəfdən həmin xırdalıqları açıqlamaq düzgün çıxmaz.
Rusiya və Türkiyə variantları da mövcud idi, aamma heç birinin üzərində işləmədik. Çünki Mahir karyerasını bu ölkələrdə davam etdirməyə maraq göstərmədi.
Onun fikri ancaq Avropadır. Yalan deyə bilmərəm, «böyük beşlik» ölkələrinin əsas çempionatlarından ciddi təklifimiz olmadı».