Çox deyirik, amma əsl gerçək dünən bir daha bizə agah oldu.
«Qarabağ» Avropa Liqasının yeni formatına, Liqa mərhələsinə hazır deyil.
Niyə gizlədək, ötənilki «Qarabağ»ın çox gerisindədir bu «Qarabağ».
«Qarabağ» futbolçusu və azarkeşi ilə bu yükü qaldırmır indi.
Dünən komanda meydanda istəksiz göründü. Fanatlar onlardan geri qalmadı, stadion da boş göründü.
Tribunalar tam dolmadı. Adda-budda deyil, böyük sıralar sahiblərini gözlədi, gəlmədilər.
Bunu yalnız Londonda 10 nəfərlə qalmış «Tottenhem»ə 0:3 hesablı məğlubiyyətin yaratdığı məyusluqla əlaqələndirməyək.
O başqa, bu başqa.
Bakı artıq «Qarabağ»ın alınmaz qalası sayılmır. «Ludoqorets» də burada udub gedib, «Dinamo Zaqreb» də.
«Qarabağ» daha doğma divarlar arasında oynamağın keyfini vermir.
Bir tək komanda geri getməyib. Qurban Qurbanov da özünü bu çapda oyunlara hazırlamaqda çətinlik çəkir artıq.
Formada olmaq sadəcə futbolçulara aid məsələ deyil. Məsələ odur ki, Qurbanov da şəxsən o formadan uzaqdır.
Baş məşqçi konsentrasiya problemi yaşayırsa, onun köməkçiləri də, oyunçuları da bu halı yaşayacaq. Necə deyərlər, palaza bürünüb elnən sürünəcəklər.
«Getdi-gəldi» tipində bir oyun olmadı.
«Qarabağ» hesabı açdı, üstünlüyünü 5-6 dəqiqədən o yana darta bilmədi. İkinci hissənin əvvəlində də daha bir qol gördü qapısında.
MUSA