Baş məşqçinin əlindən “üsyan” etdilər: “Üstümüzə qışqırır, hamıdan şübhələnir, bezmişik…”

28 Fevral 11:40 Qalmaqal 4 422
Baş məşqçinin əlindən “üsyan” etdilər: “Üstümüzə qışqırır, hamıdan şübhələnir, bezmişik…”

«Mingəçevir»də Füzuli Məmmədovdan kəskin narazılıq yaranıb.

Bu barədə komandanın futbolçuları saytımıza bildirib.

Redaksiyamıza müraciət edən 3 oyunçu baş məşqçinin özünü aparmasından şikayətlənib.

Onlar komanda yoldaşlarının da Məmmədovun əlindən boğaza yığıldığını iddia edib. «İşıqçılar»ın sözlərinə görə, yanvarda sükan arxasına keçmiş çalışdırıcı artıq hamını boğaza yığıb:

«Füzuli ilk günlərdə tamam başqa adam idi. Hamıyla mehriban danışır, yumşaq rəftarı edirdi.

Əvvəllər onunla işləmiş futbolçular bizə deyirdilər ki, Füzuliyə çox inanmayın, hər an sifəti dəyişə bilər. Yavaş-yavaş gördük ki, düz deyirmişlər.

İndi elə məşq olmur ki, uşaqların üstünə qışqırmasın. Neçə nəfərə «tupoy» deyib

. Məşq vaxtı hər xırda şeyə görə özündən tez çıxır. Köməkçilərinin də üstünə çığırır.

Rafael Əmirbəyova o gün elə bağırdı, elə söz dedi ki… Əmirbəyovun özü donub yerində qaldı. Çönüb ətrafa baxdı ki, görəsən, baş məşqçinin dediyi sözləri başqaları eşitdi, ya yox.

Füzuli nə bizə, nə də köməkçilərinə hörmət qoyur. Onların heç birinə inanmır, fikirlərinə əhəmiyyət vermir.

Köməkçilərinin görməli olduğu işi də özü görür. 2500-3000 manat maaş alırlar deyə, səslərini çıxara bilmir.

Buradan çıxsalar, harada gedib işləyəcəklər? Məcburdurlar susmağa.

Elə bizim özümüz… Çoxumuz «Mingəçevir»də yeniyik.

Hamı «Mingəçevir»in yeni sponsorundan danışır, ancaq bilin ki, maaşımızı yalnız dünən hesaba vurublar.

«Transfer pəncərəsi» açıq olsaydı, burada aldığımız maaaşdan az pul verən yerə çıxıb gedərdik bu dəqiqə. Çünki «Mingəçevir»də özümüzü futbolçu kimi hiss etmirik.

Hərdən bizə elə gəlir ki, robotuq. Füzuli bizi normal futbol oynamağa qoymur.

Bizə robot gözüylə baxır, dayanmadan qışqırır. Açığı, onu burada istəyən yoxdur.

Klub rəsmiləri mətbuata çıxıb deyir ki, biz baş məşqçinin işindən razıyıq, əla mütəxəssisdir. Amma həmin şəxs uşaqların yanında deyirdi ki, əşşi, Füzuli nə məşqçidir, çığırıb-bağırmaqdan savayı heç nə bilmir.

Mətbuata çıxıb Füzulini tərifləyənlər, bax kənarda bizə bunu söyləyir! «Mingəçevir»də lap əvvəldən olanlar deyir ki, həmin adamdır da, Ədahim Niftəliyev baş məşqçi olanda maaşından ona hər ay 100 manat verirdi.

İnanın, azarkeşlər də artıq komandadan üz döndərməyə başlayıb. İlk günlər məşqə zurna-balabanla gəlirdilər, komandaya dəstək verirdilər.

Sonra onların sayı yavaş-yavaş azaldı. Axır vaxtlar 20-30 nəfərdən başqa heç kim gəlmirdi.

Füzuli həmin azarkeşləri də küsdürdü. Onlardan şübhələnirdi.

Deyir ki, bunlar bura niyə gəlir, məşqlərdən video çəkib rəqiblərə göndərirlər. Füzuli komandadan 1-2 nəfəri çəkib yanına.

Ara-sıra onları şəhərdə restorana aparır. Dilə tutur ki, komandanın içindən mənə xəbər ötürün, heç kimi başını qaldırmağa qoymayın.

ASTA-nın adını eşitmişik, onun adamlarının üzünü görməmişik. Adları sponsordur, amma komandayla maraqlanmır.

Biri gəlib demir ki, nə probleminiz var, nə istəyirsiz, nə istəmirsiz..? Füzulini kimsə onlara tapşırıb, yaxın gəlmirlər.

Halbuki artıq azarkeşlər də onu istəmir. Yerli camaat Azər Həşimovu burada görməyi arzulayır.

Hakimlərin «Mingəçevir»ə simpatiya bəslədiyini hamı deyir. Nə gizlədək, bunu biz də hiss edirik.

«Baku Sportinq»lə oyundan qabaq Füzuli uşaqlara dedi ki, heç nədən narahat olmayın, bu gün ilk qələbəmizi qazanacağıq.

Bizə həmişə deyir ki, hakimlərə kimsə yaxınlaşmasın, onlar öz işlərini yaxşı bilirlər.

Tez-tez rəqib oyunçulara sarı və qırmızı vərəqə aldırmağın yollarından danışır. Daha bezmişik».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 11:20 Bir az da siz…