“Kəpəz”in ardıcıl dördüncü məğlubiyyəti gəncəli azarkeşlərin səbr kasasını daşırdı.
“Səbail”ə 0:4 hesablı yenilgidən sonra fanatlar məşqçi və futbolçu heyətini tribunanın qarşısına dəvət edib onlardan hesabat istədi, narazılıqlarını açıq şəkildə bildirdi.
Həmin an Peşəkar Futbol Liqasının operatorlarından biri qaydalara uyğun olaraq azarkeşlərlə futbolçuların dialoqunu lentə alırdı. Ki, bu, çempioatı təşkil edən qurumun kameramanların qarşısına qoyduğu tələbdir.
Çox keçmədən “Kəpəz”in məşqçilərindən biri operatıra yaxınlaşıb çəkiliş etməyin düzgün olmadığını söyləyib, futbolçularla azarkeşlər arasındakı müzakirənin klubdaxili məsələ olduğunu bildirdi.
Yaxınlıqdakı şəxslərin işə qarışması ilə mümkün qalmaqalın qarşısı vaxtında alındı.
Əziz və hörmətli klub rəsmiləri, futbolçular və məşqçilər, komanda üzvləri və azarkeşlər stadionu tam tərk etməyənə qədər operatorların istənilən nöqtədən çəkiliş aparmaq hüququ var. Bu, yarışı keçirən qurumun tələbidir.
İki həftə əvvəl “Neftçi”nin oyunçusu Ervin Koffinin narazı azarkeşlərə yad əşya atdığı epizod yadınızdadır? Həmin anın görüntüləri kameraların yaddaşına köçməsəydi, nə futbolçunu cəzalandırmaq mümkün olacaqdı, nə də kütləvi etiraz baş qaldıracaqdı.
Çünki hadisə yerindən əyani sübut videogörüntüdür. “Kəpəz”in azarkeşlərin biri əlindəki plastik qabı yeni transferlərdən birinə atsaydı, böyük səs-küy qopa, tərəflər arasında münaqişə yaşana bilərdi.
Məsələni aydınlaşdırmaq üçünsə mümkün insidentin görüntülərinə baxmaq lazım gələcəkdi.
Tək PFL-in operatorları yox, hətta akkreditasiyası olan istənilən jurnalist stadion ərazisində diqqətini çəkən istənilən hadisənin şəklini və ya videosunu çəkə bilər. Jurnalistin işi budur.
Odur ki, vaxtınızı və enerjinizi rəqiblərin oyunlarını təhlil etməyə, komandanızı oyunlara hazırlamağa, futbolçularınızın səhvlərini izah etməyə ayırın.
Harada və necə çəkiliş aparmağın lazım gəldiyini biz sizdən daha yaxşı bilirik.
HƏBİB / SPORTİNFO.AZ