
«Turan Tovuz»da növbəti insident baş verib.
Bu barədə komandadan saytımıza məlumat daxil olub.
Redaksiyamıza verilən bilgiyə görə, hadisə «Səbail» ilə qarşılaşmadan sonra yaşanıb. Belə ki, Premyer Liqanın 29-cu turu çərçivəsində «dənizçilər»in qonağı olan qərblilərin iki iki futbolçu dava edib.
Faiq Hacıyevin Veysəl Rzayevə irad tutmasıyla başlayan söz-söhbət əlbəyaxa «döyüş»ə keçib.
Hadisənin motivi azarkeşlərlə bağlıdır. Rzayev 0:0 bitən matçın final fitinin ardından tovuzlu fanatlarla mübahisəyə girişib.
19-cu dəqiqədə Rüfət Əhmədovun əvəzinə meydana daxil olmuş yarımmüdafiəçi tərəfdarların onların ünvanına səsləndirdiyi iradlara əsəbiləşib və tribunaya qalxaraq, onlara sərt reaksiya verib.
Polislər araya girməsəydi, böyük ehtimalla, azarkeşlər Rzayevi vurub yerə sərəcəkdi. Yaxud da ki, onlarla komanda üzvləri arasında kütləvi dava-dalaş düşəcəkdi.
Faiq Hacıyev də məhz bu olayı nəzərdə tutaraq, Veysəl Rzayevi qınayıb. Müdafiəçi fanatlarla mübahisə etməyin düzgün olmadığını ona bildirib, bu da Rzayevin xoşuna gəlməyib.
Beləcə, tərəflər paltardəyişmə otağında bir-birinə «girib».
SPORTİNFO.AZ
Həmin görüntüləri təqdim edirik: