
«Difai»nin kamerunlu hücumçusu Kristian Kamta UEFA və FİFA-ya şikayət məktubu göndərib.
Bu barədə saytımıza afrikalı forvardın özü açıqlama verib.
O, çıxış etdiyi I Liqada irqçiliyə məruz qaldığını bildirib. O, hakimlərin ayrı-seçkilik hallarına yol verməsindən şikayətlənib.
«Mən Kamerun vətəndaşıyam. 2 ildir Azərbaycanda legioner həyatı yaşayıram.
I liqada çıxış edən «Difai»nin şərəfini qoruyuram. Azərbaycandan öncə də legioner həyatı yaşamışam.
Legioner olmaq çətindir. Çünkü öz öyrəşdiyin həyatı buraxıb, tanımadığın ölkəyə, insanların arasına düşürsən. Getdiyin ölkənin qanunlarını öyrənməli, onlara riayət etməlisən.
İstənilən ölkədən təklif alarkən, təqdim olunan pula yox, həmin ölkədəki vəziyyətə baxıb qiymət verirsən. Həmin ölkədə qanunların işlək olması, insan hüquqlarının qorunması əsas amildir.
Azərbaycandan təklif alanda da bu məsələləri araşdırdım. «Qarabağ» tanınmış klubdur. Orada oynayan və oynamış tanışlarım, ortaq yoldaşlarım vasitəsilə məlumat aldım.
Azərbaycanda dinindən, dilindən, sosial vəziyyətindən, cinsindən, irqindən aslı olmayaraq, hamının qanun qarşısında bərabər olması, sizin cəsarətli Prezidentinizin olması məndə və ailəmdə etibarlıq hissi oyatdı.
Gəldiyim klubun tarixi ad daşıması, burada oynayan və çalışan insanların müharibədən sonra idmana gəlməsi məni valeh etdi. Çünkü dünya tarixində belə bir klub yoxdur.
Lakin son vaxtlar oyunlarda şəxsimə qarşı göstərilən münasibət məni çox narahat edir.
«Mingəçevir» komandası ilə oyunda rəqib oyunçunun öz cərimə meydançasında, baş hakim Əli Əliyevin gözü qabağında mənim ağzıma yumruq vurması, referinin buna etinasız qalması, iradımı bildirdikdə isə mənə sarı vərəqə göstərməsi və Azərbaycan dilində başa düşmədiyim, lakin intonasiyasından heç də yaxşı bir şey olmadığını söyləməsi anlaşılan deyil.
Oyundan sonra öyrəndim ki, həmin baş hakim rəqib komandanın baş məşqçsinin tələbəsi olub.
24 aprel 2025-ci il tarixində keçirilən matçda isə həyatımda görmədiyim zərbə, təzyiq və haqsızlıqlara məruz qaldım. Dəfələrlə başımdan, boynumdan, ayağımdan, belimdən zərbələr alsam da, bütün bunlar hakimlərin gözü qarşısında baş versə də, nədənsə hakimlər susdular.
İstər mənə, istərsə də komanda yoldaşım - Nigeriyadan olan Alfa Muhammedə qarşı olunan qayda pozuntuları hakimlər görməzdən gəldilər.
Rəqib komandanın oyunçuları bizə qarşı xüsusi amansızlıq göstərir, hakimlər isə susmaqla onlara dəstək verirdilər.
Rəqib oyunçuların ən çox mənə və Nigeriyadan olan komanda yoldaşım Mühammed Alfaya qarşı daha qəddarcasına davranması, hakimlərin də buna göz yummasını yalnız irqçilikdən irəli gələn addım kimi qiymətləndirirəm.
Azərbaycanda olduğum iki il müddətində nə klub rəhbərliyi, nə məşqçilər, nə həkim və inzibati heyət, nə də komanda yoldaşlarım tərəfindən mənə qarşı ayrı-seçkiliyə yol verib. AFFA-nın tələbi ilə bu mövzuda komanda daxilində seminarlar keçirilib.
Mən bilmək istəyirəm ki, rəqib komandaya, hakimlərə belə seminarlar keçirilib, ya yox? Bilmək istəyirəm, əgər mənim dərimin rəngi ağ olsa idi, hakimlər üzümə, boynuma, ayağıma, belimə vurulan zərbələrə görə cərimə təyin edib, qarşı komanda üzvünə qırmızı kart göstərəcəkdimi?
Mən legioner həyatı yaşayıram. Ailəm, dostlarım hər zaman mənim oyunlarımı izləyirlər.
Bu oyunda baş vermiş qəddarlıq onlarda mənim həyat və sağlamlığım ilə əlaqəli qorxu hissi yaradıb. Onlar mənim dərhal oyunlarımı dayandırıb geri qayıtmağımı istəyirlər.
Əgər «Difai»yə gəlməmişdən öncə olmuş olsaydı, mən düşünmədən bu cür edərdim. Heç bir şey insanın həyatı və sağlamlığından üstün deyil.
Lakin bu komandada, ölümün üzünə baxmış qəhrəmanların arasında mən də döyüşkən olmağı öyrəndim. Və mən döyüş yolunu seçirəm.
Öz hüquqlarım Azərbaycanda oynayan yüzlərlə və gəlməyi planlaşdıran minlərlə dərisinin rəngi başqa olan futbolçular üçün. Bunu bütün platformalardan istifadə edərək edəcəm.
FİFA və UEFA-ya müraciət etmişəm. Əgər «Mingəçevir» ilə oyunda bunu etsəydim, 24 aprel tarixində belə hal olmazdı.
Oyundan sonra inspektorun bizim klubun məşqçi və klub rəhbərliyinin iradına “bir epizod”a görə uduzmusuz?” deməsi hakimlərin haradan cəsarət aldığını göstərir.
Qaydalar və onlara uyğun olaraq tətbiq olunan cəzalar insanların sağlamlığının qorunması üçündür. Mənim həyatım, sağlamlığım inspektor üçün yalnız “bir epizoddur”?
Görünür, hakim-inspektor Ömər Paşayev dərisinin rəngi ondan fərqli olanlara epizod gözü ilə baxır.
Mən oyunların təşkilini həyata keçirən PFL, futbolun inkişafı və qaydalarına riayət olunmasına cavabdeh olan AFFA, Azərbaycanda idman sahəsi üzrə cavabdeh qurum olan Gəncləe və İdman Nazirliyinə, Azərbaycanda yaşayan bütün insanların hüquqlarının qorunmasına cavabdeh və qarant olan Azərbaycan Prezidentinə, FİFA və UEFA-ya haqqlarımın qorunması üçün müraciət edirəm».
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN