
Xəbər verdiyimiz kimi, “Sabah” keçmiş kapitanı Elvin Camalovla bağlı qalmaqallı açıqlama yayıb.
Sportinfo.az xəbər verir ki, açıqlamada futbolçunun məqsədyönlü şəkildə Masazır klubunun heyətindəki oyunçulardan birinə mesajlar yazdığı qeyd olunub:
“Əlimizdə olan məlumata əsasən, Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Sabah” FK ilə “Neftçi” FK arasında baş tutmuş oyun ərəfəsində Camalov komandamızın futbolçularından biri ilə iki dəfə əlaqə saxlayaraq, ona cari mövsümün sonunda “Neftçi” FK-ya keçməyi təklif edib.
Biz bu cür davranışı peşəkar etika və futbolçuların statusu və transfer qaydalarının ciddi şəkildə pozulması kimi qiymətləndiririk. Eyni zamanda, bunu ədalətsiz rəqabət nümunəsi hesab edirik.
Ən diqqətçəkən məqam isə odur ki, bu cür ünsiyyət cəhdləri məhz Azərbaycan Kubokunun yarımfinalında "Sabah" FK və "Neftçi" FK-nın qarşılaşacağı məlum olduqdan sonra baş verib”.
Əldə etdiyimiz məlumata görə, “Sabah”ın sözügedən oyunçusu Cesse Sekidikadır. 2019-da “Neftçi”nin maraq dairəsində olub bəyənilməyən futbolçu E.Camalovla mesajları barədə klub rəhbərliyinə məlumat verərək sabiq komanda yoldaşının bu cür addım atdığını bildirib.
“Sabah” məsələ ilə bağlı AFFA-ya şikayət edib. Masazır təmsilçisi iki nüansı əsas tutaraq quruma məktub göndərib:
“FİFA-nın Oyunçuların Statusu və Transferi əsasnaməsini əsas gətirərək bildirik ki, bir futbolçu müqaviləsinin sonuna 6 ay və daha az vaxt qalmış yalnız hazırkı klubu ilə müqavilə imzalaya bilər.
Digər komandalara keçməsi üçün isə məxsus olduğu komandanın razılığı lazımdır. “Neftçi” futbolçusu vasitəsilə bizim xəbərimiz olmadan oyunçumuzla danışıqlar aparıb” – deyə məktubda qeyd olunub.
Hüquqşünas Fərid Haqverdiyev də məsələyə belə münasibət bildirib:
“FİFA-nın Oyunçuların Statusu və Transferi əsasnaməsi var. Orada belə bir maddə var ki, əgər bir klub digər klubla müqaviləsi olan peşəkar oyunçu ilə danışıq aparmaq istəyirsə, klubunu yazılı şəkildə məlumatlandırmalıdır. Orada həmçinin qeyd olunur ki, əgər müqaviləsinin bitməsinə 6 ay qalıbsa və ya bitibsə, buna ehtiyac yoxdur. AFFA-nın Oyunçuların Status və Transferi Komitəsinə görə də əgər bir klub digər klubla müqaviləsi olan oyunçu ilə danışıqlara başlayırsa, məşqə cəlb edirsə, komitə ona qarşı sanksiya tətbiq edə bilər. Eyni zamanda burada belə bir qayda var ki, əgər müqavilənin sonuna 6 ay qalıbsa, ya da bitibsə, digər komandalarla danışıq apara bilər. Futbolçunun keçmiş komanda yoldaşı ilə belə bir danışıq aparması bu şikayətin perspketivin sual altına qoyub. Amma “Sabah”ın açıqlamasında danışılmış oyunlarla bağlı hissə var ki, AFFA-nın bu mövzuda səylərini dəstəklədiklərini bildiriblər. Danışılmış oyunlarla bağlı məsələlərə isə ancaq İntizam Komitəsi baxa bilər. E.Camalovun bu cür addım atdığı sübuta yetirilərsə, futbolçu cəzalana bilər” (qafqazinfo).