
"Neftçi"yə məğlub olduğu görüşdən sonra müsahibə almaq üçün "Şamaxı"nın müdafiəçisi Cəlal Hüseynova yaxınlaşdım.
"Müsahibə vermirəm" cavabını eşidəndə düşündüm ki, məğlubiyyətdən utanır, xəcalət çəkir.
Və ya bərbad keçirdiyi oyunun fasiləsindəcə əvəzlənməsi ona pis təsir edib.
Normal qarşılayıb, bir kənara çəkildim.
Az sonra məlum oldu ki, nə ehtiyatda qalması, nə də məğlub olması onun vecinə deyilmiş.
Bir neçə addım məndən uzaqlaşıb, digər həmkarlarımın önünə keçərək müsahibə verməyə başlamadan öncə arxaya dönüb, hər kəsin eşidəcəyi tonda "Sportinfo"ya müsahibə vermirəm ha" replikasını atanda əsl sancısı məlum oldu.
Yəqin ki, onunla bağlı fevral ayında yazdığım tənqidi yazı xətrinə dəyib. İki gözüm aydın...
Biz tənqid edirik ki, inkişaf etsinlər, bunlar da əksinə aqressivləşir. Meydanda otu "yemək"dən, kənarda qaş-göz oynadırlar.
Mənim səninlə bir problemim olsa, heç müsahibə üçün müraciət etmərəm.
Hə, sənin narazılığın varsa, bunu yaxınlaşıb normal qaydada müzakirə edə bilərsən.
Və ya müzakirəsiz də bəndənizə "danışmıram" deyib keçmək olardı. Deyənlər də olub. Daha belə hay-haraya nə gərək vardı? Özünü kim(lər)ə göstərirdin?
Toral Bayramov, Veysəl Rzayev və indi də sən...
Atalarımızın yaxşı məsəli var - Qozbeli qəbir düzəldər.
Bu söz yaxşılardan iraq bir çox yerli futbolçuların boyuna biçilib.
Bu gün ölkədə müəllimin maaşı 700-800 manat olduğu halda, illərdi azərbaycanlı körpələrin böyümələri, peşəkar olmaları, özlərini futbolçu kimi aparmaları üçün milyonlar sərf edilir. Amma nəticə A-dan Z-yə heç kimi razı salmır.
"Şamaxı"nın müdafiəçisi Cəlal Hüseynov da onlardan biridir.
22 yaşlı oğlan 2019-cu ildə "Zirə"nin formasında "Qaradağ Lökbatan"la matçda debüt edəndə 17 yaşı vardı.
Böyük gələcək vəd etdiyi dillər əzbərinə çevrilmişdi.
Canni De Byazi də onun barəsindəki təriflərin küyünə gedib 18 yaşında ölkənin əsas milli komandasına etmişdi.
Amma arxada qalan 4 ildə 4 dəfə əsas millidə 90 dəqiqə meydanda olmağa layiq görülmədi.
Sonuncu dəfə ölkənin bir nömrəli komandasına dəvət almasından isə bu gün, sabah iki il ötəcək.
Şübhəsiz, Cəlala ən çox güvənən isimlərin başında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov gəlir. Milli komandamızın əfsanə kapitanı bəlkə də özündən sonra boş qalan stoper mövqeyinə ən real namizəd kimi onu görürdü.
Səhvlərinə az göz yummayıb. Bəzən haqq etmədiyi halda "bişməsi" üçün meydan verib.
Bu minvalla "qartallar"ın heyətində keçirdiyi 42 oyundan sonra Sadıqovun da ona olan güvən limiti bitdi.
"Şamaxı"ya icarəyə göndərildi. Burada mövsümün bütün matçlarını əvəzlənmədən (36 oyun) keçirdi.
Komandası liqanı tərk etdi, özü isə ölkəni. Rəşad Sadıqov onda xoş gələcək görmədiyi üçün yenidən yanına qaytarmaq variantını yaxın belə buraxmadı. Əks halda evin içindəki 20 yaşlı gənci buraxıb, 34 yaşlı Stepan Akaya niyə "Zirə"nin qapılarını açmazdı. Zaman da Sadıqovun seçimində haqlı olduğunu göstərdi.
Cəlal da nəticədə Bolqarıstana üz tutmaq yolunu seçməli oldu.
Adıçəkilən ölkənin "Arda"sında keçirdiyi 1,5 ildə 48 matçda forma geyindi.
Oradan Avropanın daha sanballı liqalarına keçid edəcəyini düşündüyümüz anda yenidən Azərbaycana qayıtdı. Özü də "Qarabağ", "Neftçi", "Sabah" kimi iddialı klublara yox, autsayder "Şamaxı"ya.
Böyük ümidlər, yaxşı maaş qarşılığında.
Amma autsayder klubda da ona olan ümidləri doğrultmağı bacarmadı.
Ən azı arxada qalan yarım ildə ehtiyat skamiyanın daimi sakininə çevrilməsi bunu deməyə əsas verir.
İlk günlər ona əsas heyət üzvü gözü ilə baxılırdı. Amma ardıcıl kobud xətaları haqlı olaraq ehtiyat skamiyaya yolunu açmış oldu.
Hətta ötən mövsüm Birinci Liqada oynamış Arsen Ağcabəyov belə onunla rəqabətdən qalib ayrıldı.
Cəlalı stoperlərin hansısa biri də yox, bir neçəsi sıradan çıxandan sonra öz mövqeyində görə bilərik.
Digər hallarda sona 5-10 dəqiqə qalmış yorulan Rauf Rüstəmli, Alfo Msanqa kimi orta sahə oyunçularının yerinə meydana daxil edilir ki, ortada ora-bura var-gəl etsin. Ayxan Abbasovun ehtiyatda başqa alternativi olsa buna da getməz.
Bir sözlə, inkişaf etməsi, böyüməsi ümidilə bəh-bəhlə ölkə xaricinə yola saldığımız növcavan suyu süzülə-süzülə üstümüzə qayıtdı.
Başa düşdük futbolçu olmağı öyrənməyib, bəs mətbuat nümayəndələri ilə kommunikasiya qurmağına nə söz?
"Sportinfo.az" ölkənin ən reytinqli idman saytıdır. Sən isə heç 3-cü, 4-cü sort futbolçusu deyilsən.
Bu saytda müsahibən getməsi qədər belə böyüməmisən, amma boykot etməkdən dəm vurursan.
Xüsusi oyunun, bacarığınla müsahibə vermək haqqını qazanmamısan.
Biz sənə bu meydanı veririk. Necə ki, Bolqarıstandan qayıdandan sonra ilk müsahibəni də məhz mənə vermişdin.
Dövlət milyonlar xərcləyir, biz də zamanımızı ki, böyüyəsiniz. Görünən odur ki, balaca qalmaq xarakterinizlə həmahəngdir.
"Mançester Siti"də çıxış edən özbəkistanlı uşaq mikrofon önündə danışmağa utanır, "Şamaxı"da oynamağa layiq olmayan növcavan da müxbirin önündə min hoqqadan çıxır.
Allah sizin kimi kiçiklərin belə böyük klublarda oynamasından qorusun. Nələr edəcəyinizi düşünmək belə vahiməlidir.
Elə düşünməsək yaxşıdır.
Axı Allah ədalətlidir. Heç vaxt dəvəyə qanad vermir...
XANOĞLAN İMANOV