
Premyer Liqanın 29-cu turunda keçirilən “Səbail” - “Turan Tovuz” (0:0) matçında ara qarışdı.
Tovuzluların yarımmüdafiəçisi Veysəl Rzayev öz komandasının azarkeşləri ilə dava etdi.
Buna səbəb fanatların son zamanlardakı uğursuzluqlara görə futbolçulara etiraz etməsi oldu. Fanatların sözlərinə əsəbiləşən V.Rzayev tribunalara çıxaraq, onlarla «atışdı».
«Azarkeş həmişə haqlıdır, onlarla mübahisə etməyə dəyməz» - belə bir deyim var və bu, bizdə də məşhurdur.
Görünür, bunu yalnız «Turan Tovuz»da bilmirlər. Və ya bilirlərsə də, əhəmiyyət vermirlər.
Tovuz klubunda anarxiya baş alıb gedir. Nə vaxtdır biz anons edirik, rəhbərliyi tədbir görməyə, mənfi tendensiyanın qarşısını almağa səsləyirik. Veclərinə də deyil.
Ehtiram Quliyevi qoyasan elə boş-boş danışısın, gəlişigözəl sözlər desin, poz versin, özünü ona-buna göstərsin. Onunku ancaq reklamdır - əla idarəçi kimi görünmək istəyir, sadəcə.
Bu, media üçündür, ictimaiyyət üçündür.
Veysəlin dünən tribunaya dırmaşmağı var ha, bax, bu, «Turan Tovuz»un mövcud durumunun güzgüsüdür. Komandadaxili ab-hava çox pisdir.
Rəhbər heyətlə baş məşqçi arasında gərginlik pik həddədir. Kurban Berdiyev onları saymır, dinləmir, yaxına buraxmır.
Havadarına və daşdan keçən müqaviləsinə necə arxayındırsa, ayağını aşırıb ayağının üstünə, deyir, kənara çəkilin, birinizi də bu həndəvərdə görməyim.
Əlbəttə, futbolçu mənzərəni seyr edir və öz «pay»ını götürür. Baş məşqçi idarəçiləri vecinə almır, onlar da fikirləşir ki, əgər belədirsə, azarkeş kimdir, mənə niyə söz desinlər?
«Turan» neçə turdur ləngər vurur yerində, qələbə qazana bilmir. İç ilişkilər pozulandan, böyük-kiçik yeri itəndən sonra belə olmalıdır da.
Anlamırlar ki, «Turan»ın böyüyü nə Ehtiram Quliyevdir, nə də Kurban Berdiyev. Bu klubun böyüyü elə o azarkeşlərdir. 500 km məsafəni durub gələn, Bakıda da komandanı tək buraxmayan o azarkeş.
«Turan»ı «Turan» eləyən onlardır. Fəslindən, havasından, qarından, qışından, istisindən, soyuğundan asılı olmayaraq tribunaları dolduran bu adamlardır e!
Sən futbolçu kimsən, özünü nə sayırsan? Nə həddinədir ki, onun üstünə qalxırsan, sifət edirsən, bozarırsan?
O azarkeşdir, komanda udmursa, işlər pis gedirsə, narazı qalmalı, sözünü deməlidir. Alqışlayanda yaxşıdırlar, tənqid edəndə pis?
Bəs eşitməmisiz ki, futbol elə azarkeş üçündür? Sən hər şeyinlə - oyununla, qazandığın pulla, tanınmağınla ona borclusan. Daha tribunaya dırmanmaq niyə?
Futbolçu sözünü meydanda söyləməlidir. Gözəl futbolu və vurduğu qollarla.
«Turan» neçə müddətdir uğursuzluq zolağındadır, o fanat nə etməlidir? Bəlkə susmalıdır?
Nəticələr pisləşə-pisləşə gedirsə, seyrçi qalmalıdır? Tənqid haqqıdır, qoy, nə qədər istəyir, tənqid etsin. Haqlıdırlar.
Sonuncu hadisə təsdiqədi ki, Ehtiram Quliyev yalnız vid verir, klubu isə idarə edə bilmir. Bu olay bir rəhbər kimi onun zəifliyinin isbatıdır.
Baş məşqçisinə, futbolçusuna Tovuzun necə bir yer olmasını, «Turan» adının hansı məna daşımasını anlada bilməyib indiyədək.
Təbliğat işini düzgün qurmayıb. O, yalnız özünü tanıtmağa, gözə soxmağa can atıb. Kameralar önündə üzünə təbəssüm verməklə. Klubun xilaskarı kimi təqdim edilməklə.
Bu axırıncı olay «Turan Tovuz»la azarkeşlər arasında böyük uçurumun yaranmasına şübhə yeri saxlamır, klub dünən bəri hadisəylə bağlı bir açıqlama yaymayıb.
Veysəl, yaxud başqa bir futbolçu çıxıb üzrxahlıq etməyib. Hamısı susub. Sanki bu, belə də olmalıdır.
Hanı Ehtiram Quliyev, haradadır? Özgə vaxt Tovuz azarkeşinin ünvanına yüz cür tərif söyləyən sədr, niyə yoxsan ortalıqda? Niyə
komandandan, futbolçundan tələb etmirsən ki, çıxıb Tovuz publkasından üzr istəsin? Olmaya, bunun üçün də Berdiyevdən izn almalısan?
ELNUR
Həmin görüntüləri təqdim edirik: