Sponsor tapan klub daha bir futbolçunu aldatdı - “Sportinfo”ya şikayət etdi

5 Mart 20:20 Qalmaqal 496
Sponsor tapan klub daha bir futbolçunu aldatdı - “Sportinfo”ya şikayət etdi

Bu yaxınlarda «Mingəçevir»dən uzaqlaşdırılan Rüstəm Quluzadə Sportinfo.az-ın redaksiyasına müraciət edib.

Füzuli Məmmədov tərəfindən uzaqlaşdırılan müdafiəçi ASTA-nın himayəsi altına keçən “işıqçılar” tərəfindən aldadıldığını bildirib.

Gənc oyunçu I Liqada mübarizə aparan klubun yeni rəhbərliyinin müqavilə öhdəliklərini yerinə yetirmədiyini söyləyib:

«Mən ötən ilin yayında, mövsümlərarası fasilə zamanı «Mingəçevir»lə müqavilə imzalamışam. Bura məni Ədahim Niftəliyev dəvət etmişdi.

Bəyənilsəm də, istədiyim maaşı verə bilmədilər. Bununla belə, müqaviləyə qol çəkdim və qışadək oynadım.

Yeni ildən sonra baş məşqçi dəyişdi, Füzuli Məmmədov gəldi. Onun rəhbərliyi altında toplanış keçdim.

Füzuli müəllim ən axırda mənə dedi ki, bizə lazım deyilsən, gedə bilərsən. Bu vaxt isə artıq gec idi, «transfer pəncərəsi» bağlanmışdı.

Artıq heç bir kluba gedə bilməyəcəyimdən, müqaviləni ikitərəfli qaydada pozmağa razılaşmadım. Tələb etdim ki, mövsümün sonuna qədər olan maaşımı verin.

Amma mənə çatmalı olan pulu klub yenə ödəmir. Sizdən xahişim budur ki, mənə köməklik göstərəsiz».

Məlumat üçün bildirək ki, Rüstəm Quluzadə “Mingəçevir”dən redaksiyamıza şikayət edən ikinci futbolçudur.

Daha öncə Elvin Əsgərov saytımızla əlaqə saxlayıb. «Mingəçevir»dən uzaqlaşdırılan müdafiəçi klub rəhbərliyi və baş məşqçi Füzuli Məmmədov tərəfindən aldadıldığını bildirb:

«Məni müqaviləm ola-ola komandadan kənarlaşdırıblar. Bizə söz vermişdilər ki, maaşlarınız ödəniləcək.

Dediklərini etmədilər. Sizdən xahiş edirik ki, bizə köməklik göstərəsiz.

Belə haqsızlıq olmaz! Mənim komandadan göndərilməyim barədə qərarı Füzuli Məmmədov verdi.

Anidən, heç özüm də gözləmirdim. Əvvəlcədən heç bir xəbərdarlıq etmədən gəlib dedi ki, mənə lazım deyilsən.

Cavab verdim ki, klubda pulum qalıb,1 ayın maaşını verin, çıxıb gedim. O da qayıtdı ki, problem yoxdur, maaş borcun ödəniləcək.

Amma baş məşqçinin dediyi olmadı. İndi də telefonlarıma cavab vermir, “vatsap”da göndərdiriyim səsli mesajlara qulaq asmır”.

Digər Xəbərlər
Xəbər Lenti