
"Mən onun saytınıza verdiyi açıqlamanı oxudum və çox pis oldum.
Gərək hər şeyi olduğu kimi deyərdi, həqiqəti gizlətməzdi".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Mingəçevir"in qapıçılar üzrə sabiq məşqçisi Elnar Kərimov deyib.
Bilindiyi kimi, I Liqa klubunun İdarə Heyətinin sədri Nurlan Əhmədov saytımıza açıqlama verib, Elnar Kərimovun iddialarına aydınlıq gətirib:
"Elnar müəllimə böyük hörmətimiz var. Mənim dövrümdə ilyarım işləyib. Daha əvvəl də "Mingəçevir"də olub.
Gözəl qapıçı məşqçisidir. Ona hər hansı iradım yoxdur. Sadəcə, verdiyi açıqlamada sərt formada rəhbərliyi günahlandırıb.
Qeyd etdiyi kimi, ona 700 manat əməkhaqqı verəcəyimiz müqavilədə yer alıb. Həmin dönəmdə komanda çətinliklə yaşayırdı.
Mən də daxil olmaqla, idarə heyəti və məşqçilər komandası ümumi razılıq əsasında hərədən 100-150 manat yığırdıq. Bu pulla futbolçuların ödənişlərini edirdik.
Danışıq olmuşdu ki, qışda müqavilə üzrə göstərilən maaşları bərpa edək. Bu söhbət aramızda olub.
İndi də "verilmir" söhbəti yoxdur. Klubda sistem dəyişib. Qanun nə tələb edirsə, elə də olacaq.
Sadəcə, zaman lazımdır. Məsələ açıq qalır. Həllini tapanda, yəqin ki, hamının məlumatı olacaq.
Elnar müəllim biganə münasibət görməsini dilə gətirib. Mənim dövrümdə nəinki o, bütün kollektiv diqqət görüb. Hətta ötən mövsümün qış fasiləsində "Şamaxı"ya keçidinə problem yaratmadıq.
Müqaviləmiz ola-ola onu sərbəst buraxdıq. Halbuki etməyə bilərdik. "Şamaxı" çempion olandan sonra Elnar müəllimlə yollar ayrıldı.
Kənarda qaldığını görüb, yenidən kluba dəvət etdik. Bunu həm özümüz, həm də ona dəstək olaraq etdik. Bizim niyyətimiz, yanaşmamız belə olub.
Yeni məşqçi korpusunun onu göndərdiyini deyir. Burada ona kimsə nəsə deməyib. Yeni məşqçi korpusu gələndən sonra Elnar müəllim nə məşqə gəldi, nə də təqdimata.
Özü bizdən uzaqlaşıb. Kənardan eşidirik ki, hardasa işləyir. Ona görə, vəziyyət bu həddə gəlib".
Elnar Kərimov Nurlan Əhmədovun bu açıqlamasına görə təkrar redaksiyamızla əlaqə saxlayıb. Bildirib ki, İdarə Heyətinin sədri bəzi həqiqətləri ictimaiyyətdən gizlədir:
"Mən demişəm ki, 6 ay ərzində 400 manat maaş almışam. Hələ qışa qədər mənə 1800 manat borcları qalıb.
Müqaviləm bu ilin iyununa qədərdir. Klubu himayəsinə götürən şəxslərin peşəkar müqavilələrdən xəbəri yoxdur.
Elə bilirlər ki, bura zavoddur və istənilən işçini istədiyi vaxt işdən çıxara bilirlər. Onların mühasibinin futbol sahəsindəki müqavilələrin hüquqi qüvvəsindən xəbəri yoxdur.
Deyib ki, müqaviləni qurtardıq, qurtardı getdi, nə kompensasiya, nə zad. Elə Nurlan müəllim də futbolda təsadüfi şəxsdir.
Kiminləsə yaxın münasibətinə görə klubda rəhbər vəzifəyə gətirilib. Deyir ki, məsələ hələ həllini tapmayıb.
Necə olur ki, bugünlərdə başqalarının maaşı ödənilir, bizim yox? Pul var axı. Müqaviləni ikitərəfli pozulmasını istəyirlərsə, həm köhnə borcu qaytarsınlar, həm də iyunadək olan maaşımı versinlər.
Bilirəm ki, AFFA artıq bu məsələni öz nəzarətini götürüb, araşdırma gedir. AFFA-nın mənim haqqımı bərpa edəcəyinə inanıram.
Haqq mənim tərəfimdədir. "Mingəçevir" rəhbərliyinin tərəfini saxlasalar, əmin olun ki, növbəti dəfə UEFA-ya şikayət məktubu göndərəcəm. Açığı, istəmirəm ki, söhbət ora qədər gedib çıxsın.
Nurlan müəllim deyir ki, "Şamaxı"dan təklif gələn vaxt getməyimə icazə verib.
Mən hələ onda "Mingəçevir"lə bir şərtlə müqavilə bağlamışdım ki, nə vaxt təklif gəlsə, çıxıb gedəcəm. Onlar da razılaşmışdı.
Yenidən bura qayıtmağıma gəlincə, "Şamaxı"dan ayrılandan sonra "Karvan"dan dəvət gəlmişdi. Kənan Kərimov 900 manat maaş təklif etmişdi.
Fikirləşdim ki, bu pula Yevlaxda getməkdənsə, 200 manat aşağı maaşa elə doğma şəhərimdə qalıb işləyərəm.
Qaldı ki yeni məşqçi korpusunun təqdimat mərasimində iştirak etməməyimə, qoy, Nurlan müəllim düzünü desin - məni ora dəvət edən olubmu?
Çağırılmayan yerdə nə işim var? Ora gedib, yerim gələn adamlara əl çalmalıydım?
Mən Mingəçevir futbolu üçün can qoymuşam, burada pul qazanmamışam. Mənimlə bu cür biganə davranmalı deyildilər.
Futboldan birdəfəlik getməyə hazıram, amma bu adamlarla heç vaxt bir yerdə işləmərəm. Çəkdiyim əziyyətə qətiyyən qiymət verdilər.
Mən həmişə düz bildiyimi demişəm və kimsədən çəkinmirəm. "Sportinfo" həqiqətləri yazan saytdır.
Mingəçevirdə nə qədər adam tanıyıram, hamısı sizin saytınızı oxuyur. Ola bilsin, yazdığınız xəbərlər klubda kimlərinsə xoşuna gəlməsin.
Ancaq mən görürəm ki, orada olanların hamısından saytınızın xəbəri var. İndiyədək nə yazmısız, düz yazmısız!".