
«Turan Tovuz» yenidən gündəmdədir.
Qərb klubunun rəhbərliyi Premyer Liqanın 24-cü turunun «Şamaxı» ilə oyunundan öncə verdiyi bəyanatla özünü «yandırıb».
Səfər matçının şəffaf keçiriləcəyinə dair şübhələrinin olmasını iddia edən Ehtiram Quliyev və adamları balaca stəkanda böyük fırtına qoparmağa çalışdı.
Nə var, nə var, hava şəraitinin əlverişsiz olmasına görə oyunun canlı yayımı təşkil olunmayacaq, VAR sistemi işləməyəcəkdi.
Bu bəyanat, təbii ki, birmənalı qarşılanmadı, öncə Peşəkar Futbol Liqası, ardınca da AFFA açıqlama yayaraq, «Turan» tərəfinin səsləndirdiyi fikirlərin absurdluğunu isbatladılar.
Adi söz yığınından ibarət cümlələrlə yox. Çempionatın əsasnaməsindən müxtəlif iqtibaslar gətirməklə.
Bu gün isə AFFA İntizam Komitəsinin iclası keçirilib və Tovuz klubu 20 min manat cərimə edilib.
Qərar qeyd olunub ki, 23 fevral 2025-ci il tarixində Premyer Liqada XXIV turun “Şamaxı” – “Turan Tovuz” oyunu öncəsi “Turan Tovuz” PFK-nın rəsmi “facebook” səhifəsində və veb-saytında AFFA və PFL-in nüfuzuna xələl gətirən, həmçinin AFFA, PFL və onların bayrağı altında keçirilən yarışların şəffaflığını sual altına alan açıqlama paylaşılıb:
"Klubun rəsmi səhifəsindən yayımlanan bu bəyanat cəmiyyət arasında AFFA və PFL-in fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırmağa yönəlib, futbolun idarəedici qurumlarının qərarlarının obyektivliyinə dair şübhələr yaradıb.
AFFA İntizam Komitəsi məsələni araşdıraraq aşağıdakı məqamları müəyyən edib:
- AFFA və PFL-in nüfuzuna zərər vurulması: Klubun rəsmi açıqlaması AFFA və PFL-in idarəçilik və təşkilati fəaliyyətini gözdən salmağa yönəlmiş, futbol ictimaiyyəti arasında bu qurumların qərarlarının qeyri-obyektiv olduğu təsəvvürü yaratmağa çalışmışdır.
- Oyunun təxirə salınması ilə bağlı tələbin əsaslı olmaması: AFFA və PFL-in müəyyən etdiyi qaydalara əsasən, oyunların təxirə salınması üçün yalnız meydançanın oyuna yararsız olması və ya təhlükəsizlik baxımından ciddi risklər mövcud olduqda qərar verilə bilər. Hava şəraitinin dəyişkən olması, VAR sisteminin olmaması və ya canlı yayımın təmin edilməməsi oyunun keçirilməməsi üçün əsas hesab edilmir.
- AFFA tərəfindən klubun əvvəlcədən xəbərdar edilməsi: “Turan Tovuz” PFK-nın oyundan əvvəl verdiyi açıqlamadan sonra AFFA bu bəyanatın yolverilməz olduğunu bildirmiş, klubun məsələ ilə bağlı konkret sübutlar təqdim etməsinin vacibliyini vurğulamışdır. Klub tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, bu cür açıqlamaların davam etdirilməsi İntizam Komitəsinin araşdırma aparmasını zəruri etmişdir.
AFFA İntizam Komitəsi qeyd olunan halları nəzərə alaraq qərara aldı:
AFFA və PFL-in işgüzar nüfuzuna xələl gəlməsinə gətirib çıxardan hərəkətlərə yol verdiyinə görə “Turan Tovuz” PFK 20000 (iyirmi min) manat məbləğində cərimə edilsin (maddə 47, İntizam Komitəsi Əsasnaməsinin 2.4-cü bəndi (anoloji halın tətbiqi ilə birlikdə).
AFFA bir daha vurğulayır ki, bütün klublar oyunların keçirilməsi və təşkilinə dair qaydalara riayət etməli, ictimaiyyət arasında yanlış təsəvvür formalaşdıracaq və futbol idarəçiliyinin şəffaflığını sual altına alacaq əsassız iddialardan çəkinməlidirlər. Əks halda, bu kimi hallar gələcəkdə daha sərt intizam tədbirləri ilə nəticələnə bilər".
Bu qərar tam ədalətlidir. Hələ deyərdik ki, AFFA «Turan Tovuz»un rəhbərliyinə münasibətdə nisbətən yumşaq mövqe tutub. Federasiya məlum bəyanatı yayan klubun funksionerlərinin stadiona girişinə bir neçə oyunluq qadağa da qoya bilərdi. Görünür, Ehtiram Quliyevə vaxt veriblər ki, səhvini başa düşsün.
İdarə Heyətinin sədri necə, bunu olduğu kimi başa düşəcəkmi? Nəsə demək çətindir indi.
Çünki Quliyev proqnozlaşdırılması müşkül idarəçidir. Gündə bir fikrə düşür, gündə bir söz deyir. Bu konteksdən ona yaxınlaşsaq, ipə-sapmağa yatmayan biri kimi tanıyarıq onu.
Uzaq keçmişdə yox, elə bu ilin yanvar ayında, «Qarabağ»la Bakıda keçirilən matçdan sonra mediaya verdiyi açıqlamalar nə idi, budəfəki açıqlamalar nə?!
Onda AFFA və PFL-in şəninə təriflər söyləmiş, hakimlik probleminin olmadığını iddia eləmişdi.
Az qalmışdı desin ki, bu sahəyə aid ənənəvi problemlər tamamilə aradan qaldırılıb, dörd bir tərəf gül açıb, gülüstanlıq yaranıb.
Aradan 1 ay keçmiş «Turan Tovuz»un mövqeyinin 180 dərəcə dəyişməsinə nə ad verək bəs? O vaxt söylənilənlərlə daban-dabana zidd olunan «şübhələimiz var» bəyanatı Ehtiram Quliyevin imicinə birbaşa zərbədir.
Təəssüf ki, sədr gerçəyi görmür, yaxud görmək istəmir. Belədir ki, o, klubun adından bu şəkildə əsassız bəyanatın yayılmasına razılaşıb.
Heç şübhəsiz, mətbuat xidməti Şamaxı oyun öncəsi bu bəyanatı hazırlayandan sonra onu oxumaları üçün rəhbərlikdəki şəxslərə göndəriblər.
Onlar da öz növbəsində Ehtiram Quliyevə. Görəsən, dağdan ağır sədr bəyanatla tanış olub yayılmasına «ok» deyəndə, görəsən, yuxulu olmayıb ki?
Şübhən varsa, əsasını da açıqlamalısan, faktlara söykənməlisən. Səni nə narahat edir, niyə narahat edir, isbatlamalısan.
Bəyanatla çıxış eləyirsənsə, orada göstərməlisən - biz filan-filan səbəblərdən oyunun şəffaf keçiriləcəyinə inanmırıq. Yoxsa fakt gəirmədən ortaya belə bir söz atmaq…
Bu, aranı qarışdırmaq, guya, AFFA-nın hakimlərin vasitəsilə «Turan Tovuz»un əleyhinə kampaniyaya başlamaq görüntüsü yaatmaqdan başqa bir şey deyil.
Əlbəttə, Ehtiram Quliyev və idarəçi komandası bu açıqlama ilə böyük yanlışa yol vermiş oldu. Hakim səhvləri ilə bütün komandalar üzləşir.
Qurban Qurbanov belə, tez-tez bu xətalardan danışır, «fit sahibləri»nin xətalarını misal çəkir. O, hələ «Qarabağ»ın baş məşqçisidir, ölkənin ən güclü komandasının…
Hakimlər «Qarabağ»ı çox sıxır. Qurbanov qədər sakit təbiətli, səbrli, öz duruşu olan şəxs «ədalət təmsilçiləri»nin ədalətdən uzaq qərarlarına daha dözə bilmir,
«Turan Tovuz»un baş məşqçisi onun yerində olsaydı, nə edərdi? Çempionat oyununa icazəsiz meydana girən Kurban Berdiyevə görə «Turan Tovuz» cərimə edilməyib.
Liqada lehinə ən çox penalti və cərimə zərbəsi təyin edilən komanda da «Turan Tovuz»dur. Bir sıra oyunlarda sırf hakimlərin simpatiyası üzündən xal və xallar qahanıblar.
«Fit sahibləri» normal, düzgün idarəçilik etsəydilər, bu gün «Turan Tovuz» turnir cədvəlinin ikinci «beşliy»ində yer alardı yəqin.
Heç kim çörəyi qulağının dibinə yemir, axı insaf da dinin yarısıdır…
ELXAN