Qurban Qurbanovun adından istifadə edən “Makler İsa” kimdir?- ŞOK HADİSƏ!

15 Fevral 11:20 Qalmaqal 1 672
Qurban Qurbanovun adından istifadə edən “Makler İsa” kimdir?- ŞOK HADİSƏ!

Azərbaycan Beynəlxalq Bankının (ABB) Zaqataladakı filialında maraqlı cinayət hadisəsi baş verib.

Sportinfo.az xəbər verir ki, kassir saxta qəbzlərlə 81 min manat ələ keçirməkdə ittiham olunur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Zaur 2018-ci ilin sonlarında özünə müraciət etmiş İsa adlı müştəriyə hesab açaraq vəsait yerləşdirəcəyini və bundan illik 10 faiz qazanc əldə edəcəyini bildirib.

Buna görə ondan 81 min manat alıb. Sonra məlum olub ki, həmin pulu banka əmanət kimi daxil etməyib.

Hadisə ABB-nin Zaqatala filialında baş verib. Zaur ABB-nin filialında xəzinədar kimi işləyən zaman İsadan aldığı pulların qarşılığında zərərçəkmişə saxta qəbzlər təqdim edib.

Təqsirləndirilən şəxs ittihamla razılaşmır. Deyib ki, İsa ilə bankda tanış olub.

Zaurun sözlərinə görə, İsa onu aldadıb, sonra da hədə-qorxu gəlib:

“İsa əmlak alqı-satqısı ilə məşğul olurdu. Dostumla şərikli 3 mərtəbəli 900 kvadratlıq obyektimizi satmaq istəyirdik. İsa deyirdi ki, əlində yaxşı müştərilər var. İsaya obyektin sənədlərini göstərdik. Dedi ki, obyektin sənədləri ev kimi göstərilib. Obyekt kimi göstərilsə, baha satılacağını dedi. Buna görə 10 min verdim. O da arxitektura şöbəsinə verdi. Sonra dəfələrlə arxitektura şöbəsi ilə əlaqə saxladım. Amma sənəd məsələsi uzandı. Həmin ərəfədə İsa dedi ki, ev alqı-satqısı ilə məşğuldur. Ucuz evlər düşür. Mən pulumun olmadığını, İsveçrədə yaşayan qardaşımla danışacağımı dedim.

Qardaşım razılaşıb pul göndərməyə başladı. 70 min dollar qardaşım göndərdi. Başqa bir dostumdan 23 min götürdüm. Bir az da bankdan kredit aldım.

Bir müddət sonra İsa obyektimizə 350 minə müştəri tapdığını dedi. Alqı-satqı üçün 70 minlik beh müqaviləsi bağlatdırdı. Müqavilənin məzmununda yazılmışdı ki, müqavilə pozulsa, ikiqat pul ödəmək lazımdır. Mən bunu bilmirdim. Alqı-satqı məsələsi uzandı. İsaya obyekti satmaq istəmədiyimi dedim. O zaman mənə müqavilənin şərtini dedi. Razılaşıb obyekti satdıq”.

Təqsirləndirilən şəxs iddia edib ki, İsa onu dəfələrlə təhdid edib:

“Adam öldürən olduğunu deyirdi. Övladlarımı izlətdirirdi. Gürcüstanda kriminal adamlarının olduğunu deyirdi. Hamısı səs yazılarında mövcuddur. Zaqatala Rayon Məhkəməsinin hakimi bu səsləri dinləyib”.

Təqsirləndirilən şəxs deyib ki, İsada 350 min manat pulu var.

Banka qoyulan 81 min manata gəlincə, təqsirləndirilən şəxs maraqlı ifadə verib. Zaur deyib ki, 81 min manat qarşılığında İsaya çek verməyib:

“İsa çekləri özü götürüb, hazırlayıb. Mən işləyən vaxt kassa şüşədən idi. Həmin şüşədən əl də keçirdi. Kassanın qapısı da bəzən açıq qalırdı. Çünki qapıda texniki nasazlıq olurdu. Həmin dövrdə boşluqlar çox idi. Həmin çekləri saxtakarlıqla özü düzəldib”.

Məlum olub ki, cinayət işi elə bu çeklərdən sonra açılıb. İsa pulunu almaq üçün banka müraciət edib. Ona bankda əmanətinin olmadığı deyilib. Bundan sonra da cinayət işi açılıb.

Təqsirləndirilən şəxs deyib ki, bankda nəzarətsizlik olub və İsa bundan istifadə edərək saxta qəbzlər düzəldib. Əlavə edib ki, işlədiyi dövrdə 11 bankomata da özü nəzarət edib. Bankomatlar xarab olanda düzəltmək üçün özü gedirmiş. Həmin zaman da kassa nəzarətsiz qalırmış.

Zərərçəkmiş şəxs isə Zaurun dediklərini təkzib edib. Bildirib ki, Zaura verdiyi pulları banka əmanət kimi qoymalı imiş. Lakin sonradan öyrənib ki, pullar banka qoyulmayıb. İsa əlavə edib ki, Zaurla bir neçə dəfə torpaq alqı-satqısı ediblər, qazanc götürüblər. İsa Zaurun pul məsələsi ilə bağlı dediklərini təkzib edib.

Məhkəmədə filialın rəhbəri və digər şahidlər də dindirilib. Onlar Zaurun dediyi kimi problemlərin olmadığını qeyd ediblər.

Şəki Ağır Cinayətlər Məhkəməsi Zauru törətdiyi əməldə təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında həbs edilib.

İistintaq orqanı təqsirləndirilən şəxs Zaur İsmayılovun 2018-ci ilin sonlarında özünə müraciət etmiş İsa Abdullayev adlı müştərini aldadaraq 81 min manat pulunu ələ keçirməsi qənaətinə gəlib.

İttihamda qeyd edilir ki, Zaur illik 10 faiz qazanc əldə edəcəyi vədi ilə İsa Abdullayevi aldadıb.

Amma Zaur İsmayılov özünün İsa Abdullayevin qurbanı olduğunu, 350 minlik əmlakının ələ keçirildiyini deyir. Belə ki, Zaur torpaq və ev alqı-satqısı ilə məşğul olan İsa Abdullayevə obyektinin satışını etibar edib. Həmçinin qardaşından və bankdan kredit götürərək İsa Abdullayevə qazanc əldə etmək üçün verib.

İş üzrə olduqca ilginc məqamlar var. Zərərçəkmiş şəxs kimi tanınan İsa Abdullayevin kimliyi və fəaliyyəti ilə bağlı redaksiyamıza məlumatlar daxil olub.

Məlumata görə, Zaqatalada “Makler İsa” kimi tanınan İsa Abdullayevin əməlləri heç də şəffaf deyil. Onun barəsində 19 nəfər şikayətçi müvafiq dövlət qurumlarına şikayətlər edib. Həmin şikayətlərin məzmunu dələduzluq, torpaq alqı-satqısı, əmlak satışı zamanı əldə edilən pulun ələ keçirilməsi formasındadır.

İsa Abdullayevin müxtəlif vəzifəli şəxslərin adından istifadə edərək məhkəmələrə, dövlət idarələrinə təsir etməyə çalışdığı, əmlakını ələ keçirdiyi şəxsləri həmin vəzifəli şəxslərin adından istifadə edərək aldatdığı üzə çıxıb.

Məsələn, İsa Abdullayev bir çox yerlərdə özünü Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin yaxın qohumu kimi təqdim edir. Soy ad oxşarlığını da sübut kimi təqdim edir.

Həmçinin Şəki Ağır Cinayətlər məhkəməsinin sədri Rafael Əliyevlə yaxın münasibətinin olduğunu aşağı instansiya məhkəmələrindəki işlərində dilə gətirir.

Abdullayev həmçinin “Qarabağ” Futbol Klubunun baş məşqçisi, əslən Zaqataladan olan Qurban Qurbanovla da qohum olduğunu deyərək ayrı-ayrı şəxslərin yanında nüfuz, etibar qazanmağa çalışır. O, Qurban Qurbanovun və özünün avtomobilinin dövlət nömrə nişanının sonunun “013”lə bitməsini bu qohumluğun işarəsi kimi təqdim edir.

Bununla da bitmir. İsa Abdullayev özünü Ali Məhkəmənin hakimlərindən birinin varisi kimi də təqdim edərək 20 min dollarlıq dələduzluq edib. O, özünü hakimin varisi kimi təqdim edərək xeyli sayda antik əşyaların ona qalacağını deyib. Bu işin və digər epizodların detallarını növbəti yazıda ətraflı dərc edəcəyik.

Xatırladaq ki, Şəki Ağır Cinayətlər Məhkəməsi Zauru törətdiyi əməldə təqsirli bilib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 5 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalında həbs edilib.

Digər Xəbərlər
Xəbər Lenti