Günlərdir danışılan QALMAQAL - VAR niyə “susdu”?

11 Fevral 22:20 Qalmaqal 292
Günlərdir danışılan QALMAQAL - VAR niyə “susdu”?

Bazar günü “Bank Respublika Arena”da “Sabah”la “Turan Tovuz” arasında baş tutan görüşdə meydan sahibləri 2:1 hesablı qələbəyə sevindi.

Oyun başa çatandan sonra Tovuz təmsilçisinin rəsmiləri hakimin bəzi qərarlarından narazılıq edirdi ki, həssas nöqtə “tələbələr”in vurduğu ikinci qoldan əvvəl yaşanan məlum epizoddur.

Top uğrunda mübarizə zamanı “Sabah”ın müdafiəçisi Amin Seydiyev arxadan topa daha yaxın olan Rəhim Sadıxovun topuğunu tapdayır. Ardınca top auta çıxır, meydan sahibləri “dəri kürə”ni oyuna daxil edir və epizodun davamında Cesse Sekidika qol vurur.

Epizod zamanı VAR-ın “susması” birmənalı deyil. Qayda pozuntusu baş verəndən sonra top auta çıxır və burada VAR öz varlığını itirmiş olur.

Top auta çıxmasaydı, Aminin Rəhimə qarşı kobud oynadığı epizodun davamında qol vurulsaydı, bəli, o zaman VAR müdaxiləsi mümkün olardı. Ki, olacaqdı da.

Bəli, İnqilab Məmmədov həmin anda qayda pozuntusunu qeydə almalıydı. Aşkar qayda pozuntusudur, heç kim inkar edə bilməz.

Deyək ki, İnqilab topuğa olan təması görmədi, görməkdə gecikdi, görmədi deyə təhlükəli nöqtədən cərimə zərbəsini təyin etməkdən çəkindi.

Bəs, Rəhim Sadıxovun ağlı, özünü müdafiə bacarığı? Topuğuna zərbə endirilir və o, ayağını tutub yerə yıxılıb üsyan etmək əvəzinə, kiçik təmas olubmuş kimi ayağa qalxıb davam edir.

Bu kimi hallar yaşananda zərərçəkən tərəf az qala dünyaya car çəkir ki, rəqib ayağıma vurub. Hakim də istəməsə belə, cərimə zərbəsi təyin edir, ən pis halda top auta çıxanda qırmızı vərəqə şübhəsi ilə VAR-a baxır.

Bir də ki, qeydə alınmayan qayda pozuntusundan sonra top auta çıxır, baş hakim Amini yanına çağırıb 5-10 saniyə təhbeh edir, sonra aut yerinə yetirilir və 60-70 metrlik reydin davamında qol vurulur.

Həmin an “Turan Tovuz”un futbolçuları rəqib oyunçuların qarşısını almalı olduqları halda, mövqe səhvləri bir-birini əvəz edir.

İnqilab Məmmədov qol epizodundan əvvəl SƏHVƏ YOL VERİB. Bunu inkar edən adamın futbolda xəbəri yoxdur. Ancaq buraxılan qolun qayda pozuntusu ilə əlaqəsi yoxdur.

Top auta çıxıb, pauza yaranıb və bir neçə ötürmədən sonra “Sabah” rəqib qapısına yol tapıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 19:50 Çək və bizə göndər!