Azərbaycanın U-21 millisinin sabiq oyunçusu Nazim Həsənzadə çətin duruma düşüb.
Yayda “Baku Sportinq”lə müqavilə bağlayan yarımmüdafiəçi aldığı zədəyə görə yaşıl meydanlardan uzaq düşüb.
Problem Həsənzadənin zədələnməsində yox, klubun müqavilə ilə sahib olduğu futbolçusuna görə əməliyyat xərcini çəkmək istəməsindədir.
Klubdan futbolçuya bildirilib ki, əməliyyat xərclərini ödəmək niyyətləri yoxdur və müqaviləyə birtərəfli qaydada xitam veriləcək.
Yaşananları səbəbkarın dilindən eşidək:
“Yayda “Baku Sportinq”in toplanışına qoşulmuşdum. Üç yoldaşlıq görüşündə meydana çıxdım və üçüncü oyunda – “Sabah”ın U-19-na qarşı matçda zədələndim.
Yoldaşlıq görüşlərindən sonra istirahətə buraxıldıq və qayıdandan sonra “Baku Sportinq”in məşqində ayağımdan zərbə aldım.
Həmin vaxt heç kim yaxın durmadı deyə, məcburiyyətdən şəxsi əlaqələrim hesabına AFFA-nın hesabına müalicə aldım. Çünki nə klubun həkimi var, nə də hansısa klinika ilə əməkdaşlıq.
İndi əməliyyat olunmalıyam, ancaq heç kim yaxın durmur, müqaviləmə birtərəfli qaydada xitam verəcəklərini söyləyirlər. Deyirlər, bu işi məhkəməyə qədər aparıb, sonda qalib gələcəyik.
Məcbur şəkildə guya U-21-in düşərgəsində zədələndiyimi boynuma qoymaq istəyirlər.
Beş aylıq müalicədən sonra zədəm sağalmağa doğru gedirdi. Fərdi hazırlığa başlayandan sonra ayağım şişdi. Həkimə göstərdim, dedi, əməliyyat lazımdır. Əməliyyat üçün vəsait lazımdır. Əməliyyatın xərcini soruşdular, dedim, 1500 manatdır.
Həkim tapsınlar, hansısa klinika ilə danışsınlar, nəsə etsinlər ki, zədəm sağalsın, futbol oynayım. Başqa heç nə istəmirəm”.
22 yaşlı futbolçu “Sabah”, “Turan”, “Zirə”nin şərəfini qoruyub, Latviyada “Dauqavpils”in heyətində legioner həyatı yaşayıb.
HƏBİB / SPORTİNFO.AZ