Mirhüseyn Seyidovla AFFA arasında yaşanan məhkəmə təxirə salınıb.
İlkin hazırlıq iclası yanvarın 14-nə ertələnib.
Xətai Rayon Məhkəməsinə təşrif buyuran AFFA-nın hüquqşünasları Mirhüseynin futboldan ömürlük uzaqlaşdırılmasının qanun çərçivəsində baş tutduğunu və buna görə şikayətçi tərəfin məhkəməyə müraciətini düzgün hesab etməyiblər.
Onların fikrincə, zərərçəkən məsələ ilə bağlı şikayətini yerli və beynəlxalq futbol qurumlarına bildirməlidir.
Seyidovun vəkili Elcan Həsənli isə keçmiş futbolçunun Azərbaycan vətəndaşı olduğunu diqqətə çatdıraraq, haqqında qəbul edilən qərara görə məhkəməyə üz tutmasının hüquqi baxımdan doğru olduğunu söyləyib.
Vəkilin iddiasına görə, AFFA-nın daxili Nizamnaməsinə əsasən bu və digər futbolçularla bağlı qəbul etdiyi qərar hüquqi cəhətdən yolverilməzdir.
Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində müvafiq bənd olduğu və günahkarların günahı sübuta yetirildiyi halda qərar qəbul edilə bilər.
Məlumat üçün bildirək ki, vaxtilə “Neftçi” və “Keşlə”də top qovan, Azərbaycanın U-21 millisinin kapitan sarğısını daşıyan Mirhüseyn Seyidov 2017-ci ilin dekabrında oyun nəticələrinin manipulyasında iştiraka görə İntizam Komitəsinin qərarı ilə futboldan ömürlük uzaqlaşdırılıb.
İş 2018-ci ildə AFFA-nın müraciəti əsasından Bakı Şəhər Prokurorluğuna göndərilsə də, dövlət orqanı futbolçu barəsində başladılan cinayət işinə xitam verib.
HƏBİB / SPORTİNFO.AZ