AFFA hüquq-mühafizə orqanlarına müraciət edib.
Federasiya bugünlərdə «Şamaxı»dan uzaqlaşdırılan Adil Nağıyev və Georgi Kantariyanın məsələsinin daha geniş formada araşdırılması marağındadır. Müraciətin məğzi də bundan ibarətdir.
Qurum klub tərəfindən onlara təqdim olunmuş məlumatların əsasında cinayət işinin açılmasını gözləyir.
Elə «şirlər»in rəhbərliyi də bunu istəyir. Əyalət təmsilçisi müqaviləsinə xitam verdiyi oyunçular barədə cəza tədbirinin görülməsində əsas təşəbbüskardır.
Onlar klubun imicinə mənfi zərbə vuran futbolçuların layiqli cəzaları almasında maraqlıdır.
Hər halda «Şamaxı»lıların əlində müəyyən faktlar var. Bölgə mənsubunun funksionerləri həmin bilgiləri AFFA-ya təqdim edib.
«Şamaxı»nın futbolçularından biri oyun «alver»ində iştirakını boynuna alıb. Saytımız bununla bağlı AFFA-dan şok informasiya alıb.
Federasiyadan redaksiyamıza verilən məlumatda bildirilir ki, artıq onların əlində belə bir fakt var.
Həmin oyunçunun adı çəkilməsə də, qeyd olunub ki, o, ölkə kubokunun 1/8 final mərhələsinin «Zirə» ilə qarşılaşmasında (1:3) komandasının məğlubiyyətinə pul qoyuluşu etdiyini boynuna alıb.
Amma indi tək bu matç araşdırma mövzusu deyil. AFFA həmçinin «şirlər»in Premyer Liqada aldığı son 4 yenilgini araşdırma sahəsinə daxil eləyib. Çünki həmin futbolçu bununla bağlı mühüm bilgilər verib.
Əyalət təmsilçisi dekabrın 9-da iki nəfərlə müqaviləni ləğv etdiyini açıqlayıb. Müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Georgi Kantariya ilə əməkdaşlıq vaxtından əvvəl sona çatdırılıb.
Klub bunun səbəbini açıqlamasa da, aydın məsələdir ki, ayrılığın kökündə oyunların «qumar»a qoyulması dayanır.
Bu haqda ictimaiyyətə ilk məlumat verən Sportinfo.az-dır. Saytımız hadisənin izinə düşüb və olayın motivi barədə xəbəri tirajlayıb.
Həmçinin bildirək ki, araşdırma yalnız adları qeyd olunan futbolçularla məhdudlaşmır. Daha 2-3 nəfər şübhəlilər qrupuna daxildir. Ən qısa müddətdə onların kimliyini də öyrənəcəksiz.
SPORTİNFO.AZ