«Şamaxı»nın futbolçularından biri oyun «alver»ində iştirakını etiraf edib.
Saytımız bununla bağlı AFFA-dan şok informasiya alıb.
Federasiyadan redaksiyamıza verilən məlumatda bildirilir ki, artıq onların əlində belə bir fakt var.
Həmin oyunçunun adı çəkilməsə də, qeyd olunub ki, o, ölkə kubokunun 1/8 final mərhələsinin «Zirə» ilə qarşılaşmasında (1:3) komandasının məğlubiyyətinə pul qoyuluşu etdiyini boynuna alıb.
Amma indi tək bu matç araşdırma mövzusu deyil. AFFA həmçinin «şirlər»in Premyer Liqada aldığı son 4 yenilgini araşdırma sahəsinə daxil eləyib. Çünki həmin futbolçu bununla bağlı mühüm bilgilər verib.
Əyalət təmsilçisi dekabrın 9-da iki nəfərlə müqaviləni ləğv etdiyini açıqlayıb. Müdafiəçi Adil Nağıyev və yarımmüdafiəçi Georgi Kantariya ilə əməkdaşlıq vaxtından əvvəl sona çatdırılıb.
Klub bunun səbəbini açıqlamasa da, aydın məsələdir ki, ayrılığın kökündə oyunların «qumar»a qoyulması dayanır.
Bu haqda ictimaiyyətə ilk məlumat verən Sportinfo.az-dır. Saytımız 4 gün öncə hadisənin izinə düşüb və olayın motivi barədə xəbəri tirajlayıb.
Həmçinin bildirək ki, araşdırma yalnız adları qeyd olunan futbolçularla məhdudlaşmır. Daha 2-3 nəfər şübhəlilər qrupuna daxildir. Ən qısa müddətdə onların kimliyini də öyrənəcəksiz.
SPORTİNFO.AZ