“Zenit-2”də Ramil Şeydayevin baş məşqçisi olmuş Vladislav Radimov “Sport Ekspress” saytına müsahibə verib.
Sportinfo.az xəbər verir ki, o, Azərbaycan yığmasının və “Neftçi”nin forvardı Ramil Şeydayev barədə maraqlı açıqlamaları ilə diqqət çəkib:
- Bir dəfə “Zenit-2”nin hücumçusu Ramil Şeydayevi tərifləmişdiniz. Onun Azərbaycan millisinə getməsinin Rusiya futbolu üçün itki olduğu bildirilirdi. Bəs, bu Şeydayev haradadır?
- Təəssüf ki, onun üçün çox şey yaxşı alınmadı.
- Niyə?
- Düşünürəm ki, pul qazanmağa fikrini yönəltmək onun səhvi idi. Mən başa düşdüyüm qədərilə ona Azərbaycan pasportu üçün pul verilib. Bu təkcə mənim fikrim deyil! Qolovinin çıxış etdiyi gənclərdən ibarət komandada Şeydayev bir nömrə idi. Avropa çempionatının qalibi oldu. Öz yaşıdları arasında ən güclüsü sayılırdı.
- Yarım mövsüm Moskvanın “Dinamo”sunda meydana çıxdı. Xüsusi bir şey yoxdur.
- Bəli, Ramil bu hərəkətdən sonra özünü itirdi. “Trabzonspor”, “Jilina”, “Qarabağ”... Bütün maddi düşüncələri ona mane oldu.
- Yəqin ki, şayiələr eşitmisiniz. Vətəndaşlığı dəyişmək üçün nə qədər təklif edirlər?
- Sadəcə şayiələrə görə 500 min dollardan bir milyona qədər.