AFFA prezidenti Rövşən Nəcəf Gənclər və İdman Nazirliyindən (GİN) narazı qalıb.
Bunun məğzində Mesut Özilin Azərbaycana səfəri dayanır.
Federasiya başçısı Almaniya yığmasının sabiq ulduzunun onlarla danışılmadan və razılaşdırılmadan ölkəmizə dəvət olunmasından incik düşüb.
Aprelin 2-dən bəri AFFA-nın başında dayanan R.Nəcəf Özilin gəlişindən yalnız son anda xəbər tutub.
O. GİN-in tədbirindən öz yaxın çevrəsinə giley-güzar edib. Futbol qurumunun bir nömrəli şəxsi bildirib ki, nazirlik bu səviyyədə işləri təkbaşına görməməli, AFFA ilə məsləhətləşməlidir.
AFFA ilə GİN arasında hazırda soyuqluq müşahidə olunur. Biz bunu hələ apreldə, federasiyaya yeni prezident seçkimərində gördük.
Adətən, istənilən idman təşkilatının tədbirinə qatılan Fərid Qayıbov AFFA-nın hesabat-seçki konfransına təşrif buyurmadı.
Konfransda nazirliyi miüxtəlif rəsmilər təmsil etdi. Amma hər bir halda nazirin tədbirə gəlməməsi tərəflərin münasibətlərindəki sərinliyin təzahürü kimi qəbul edildi.
Səbəblərə gəlincə, müxtəlif məqamların üzərində dayanmalıyıq. Rövşən Nəcəfin AFFA İcraiyyə Komitəsində nazirliyin heç bir namizədini görmək istəmədi.
Federasiyanın yeni rəhbərliyində GİN-in bir kadrı da yer almadı. Fərid Qayıbovun gəlişindən sonra GİN-nin idman şöbəsinin rəisi postundan ayrılan Fərid Mansurov isə yenidən ali qərarverici orqana seçildi.
Odur ki, GİN-nin Mesut Özili Azərbaycana səssiz-səmirsiz gətirməsini və onun AFFA-nın üst mənsubları ilə görüşməməsini demarş kimi qəbul eləmək mümkündür.
SPORTİNFO.AZ