“Qarabağ”ın avrokuboklardakı ev oyunları zamanı dələduzluq əməlləri törədilir.
Biletlər satışa çıxarılan gün ucuz biletlərin tükənməsi ilə bir neçə nəfərlik dəstə “instagram” platformasında “fəaliyyətə başlayır”.
Məsələ nədir?
Onlar saxta profillər yaradaraq izləyicilərə bilet təklif edirlər. Məsələn, 5 manatlıq biletlər 10 və 15 manata təklif olunur.
Bunu haradasa “qara bazar” kimi qələmə vermək olar. Ancaq əsl dərd başqadır.
Dələduzlar potensial müştərilərə kart nömrəsi göndərir, vəsaitin hesablarına köçürülməsindən sonra bileti PDF formatında əldə edə biləcəklərinə dair məlumat verirlər.
Məsələdən xəbərsiz olan müştəri pulu göndərəndən sonra qarşı tərəfdən cavab gəlmir. “Bilet satan” yoxa çıxır. Eyni əməli bir neçə nəfərə qarşı törətməklə cinayətə əl atmış olurlar.
Təhlükə saçan iki fakt var. Birincisi, biletlərin baha qiymətə satılması, digəri bilet satışı adı ilə özgənin pulunun mənimsənilməsi. Buna oğurlanması da deyə bilərik.
“Qarabağ” – “Ayaks” oyunu ilə bağlı iki nəfərlə yazışmadan sonra təqdim etdiyimiz fotolarda mövcud durumla tanış ola bilərsiniz.
Ümid edək ki, aidiyyatı qurumlar məsələni nəzarətə götürərək problemin hüquq müstəvisində yoluna qoyulmasına nail olacaqlar.
HƏBİB / SPORTİNFO.AZ