“Kəpəz”də üzücü hadisə yaşanıb.
Şəhid qızı işdən çıxarılıb.
Bu barədə Gəncədən redaksiyamıza məlumat daxil olub.
Xeyli müddətdir stadionda xadimə kimi çalışan I Qarabağ müharibəsinin şəhidi Fəxrəddin Nuriyevin övladı “Kəpəz”in İdman Akademiyasının rəhbəri Cabir İbrahimovun qəzəbinə tuş gəlib.
Belə ki, xadimə xanım hansısa mübahisənin sonunda əsəblərinə sahib olmayaraq “yaxşı iş tapsaydım, çıxıb gedərdim buradan” şəklində narazılıq edib.
Şahid qızının sözləri İbrahimovun xoşuna gəlməyib.
Klub rəsmisi çox gözləməyib, elə həmin gün axşam Şəmayıl Nuriyevaya səhər işə gəlməməklə bağlı xəbər göndərib. Səbəbini yeni heyətin yığılması ilə əlaqələndirib.
Maraq üçün bildirək ki, bir müddət öncə stadionda çalışan şəhid atası da işdən azad olunmuş, bir müddətdən sonra geri qaytarılmışdı.
Sözsüz, işçi rəhbərə hörmət qoymalı, əsəbi halda olsa belə, hərəkətlərinə və sözlərinə diqqət yetirməlidir. İş saatı, yaxud məvacib qane etmirsə, başqa işin axtarışına çıxmaq olar.
Ancaq “Kəpəz” rəsmiləri də bəzi anlarda səbrli davranmağı bacarmalıdır. Şəhid övladları bizə əmanət olunub.
Biri bacımız, digəri qızımızdır. Övladlarımızın hər nazına dözdüyümüz kimi, bəzən onların xoşagəlməz hərəkətlərini anlayışla qarşılamalıyıq.
Əsl rəhbər çıxış yolu tapmağı bacarandır, dərhal kəsib atan yox. Ümid edək ki, Cabir İbrahimovla İlqar Nadiri bu məsələdə humanistlik nümunəsi göstərəcəklər.
HƏBİB / SPORTİNFO.AZ