FİFA referisi Əliyar Ağayevin Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən «Səbail» - «Şamaxı» matçında (2:0) verdiyi qərarlar birmənalı qarşılanmadı.
Beynəlxalq dərəcəli hakimin «dənizçilər»ə simpatiya bəsləməsi, «şirlər»ə qərəzli yanaşması göz qabağında oldu.
Statusuna yaraşmayan idarəçiliklə yadda qalan «fit sahibi» Bayıl təmsilçisinin qələbəsi üçün heç nəyi əsirgəmədi. Bircə o qalmışdı ki, «Səbail»in formasını geyinib qol vursun.
Bundan savayı nə bacardısa, etdi. Sarı vərəqələrin sayını 6-ya çatdırdı, Brahim Konateni 63-cü dəqiqədə meydandan kənarlaşdırdı.
Halbuki fransız müdafiəçi, protokolda göstərildiyi kimi, qeyri-idman hərəkətinə yol verməmişdi.
Birbaşa «qırmızı» almağa layiq futbolçu var idisə, bu da Mert Çelik idi. Təqdim etdiyimiz kadrlar matçın 53-cü dəqiqəsinə aiddir.
Görüntülərdən bəlli olur ki, «Səbail»in milliləşdirilmiş müdafiəçisi «Şamaxı»nın hücumçusu Belajdi Pusini necə yumruqlayır.
Qonaqların künc zərbəsini yerinə yetirməyə hazırlaşdığı anda albaniyalı forvardın bədəninə bir neçə zərbə endirən Mert bunu düz Ağayevin gözü qabağında edir. Referi isə yığmamızın sabiq üzvünə sarı kart göstərməklə kifayətlənir.
Bu hadisə baş verən əsnada hesab 1:0 idi. Mert Çelikin idmançıya yaraşmayan aqressiv davranışına göz yuman baş hakimin Brahim Konateyə münasibətdə qəddar duruş sərgiləməsini necə başa düşək?
Görəsən, «Şamaxı»nı uduzdurmaqda marağı və məqsədi nə idi?
Olmaya, «Səbail»in qələbə müqabilində alacağı mükafatda gözü var?
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN