COP29

ŞOK AÇIQLAMA! AFFA-nın rəhbər şəxsi klub prezidentindən niyə qaçır?

7 Oktyabr 20:00 Qalmaqal 2 156
ŞOK AÇIQLAMA! AFFA-nın rəhbər şəxsi klub prezidentindən niyə qaçır?

«Ağsu Siti»nin prezidenti Emin Rəmzili Sportinfo.az-ın redaksiyasına müraciət edib.

2018-2022-ci illər aralığında Region Liqasında mübarizə aparmış klubun rəhbəri AFFA-nın onlara etinasız münasibətindən şikayətlənb.

Aran təmsilçisinin yaradıcısı üzümüzə gələn mövsümdən yenidən Region Liqasında yarışmaq istədiklərini, ancaq federasiya mənsublarının müxtəlif bəhanələrlə onların önünü kəsdiyini bildirib.

Rəmzili qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyevin onunla «qaçdı-tutduğu» oynadığını, görüşdən yayındığını söyləyib:

«Bizim klubumuz 2018-ci ildə yaranıb. 2022-ci ilədək Region Liqasının daimi iştirakçısı olmuşuq, özü də elə-belə yox, mükəmməl səviyyədə çıxış etmişik.

Növbəti il bəzi səbəblərdən çempionata qatıla bilmədik. bu, mənimlə bağlı olan şəxsi məsələ idi. Bu il klubun fəaliyyətini yenidən bərpa elədik və yaxınlarda AFFA ilə əlaqə saxladıq.

Federasiyada Region Liqasına baxan Qabil müəllimlə danışdım, ona dedim ki, yenidən Region Liqasında iştirak etmək istəyirik. Bu söhbət olub sentyabrın 15-də.

Mənə o dəqiqə dedi ki, gecikmisiz, çempionata qəbul oluna bilmərsiz. Halbuki AFFA qeydiyyat prosesinin oktyabrın 1-də başa çatacağını öncədən açıqlamışdı.

Daha sonra öyrəndik ki, bu prosesi bir qədər də uzadıblar. Qabil müəllim isə bizə dedi ki, Mərkəz zonasında yer dolub, artıq 10 komanda qeydiyyatdan keçib.

Söylədi ki, bu qədər komanda bəsdir, 11-cisi ola bilməz. cavab verdim ki, necə ola bilməz, AFFA qeydiyyat üçün vaxt verib, biz də sizin açıqladığınız qayda-qanuna riayət edirik.

Dedim ki, köklü klubuq, növbəti çempionatda da iştirak etməyə haqqımız çatır. Çünki «yolaverdi» klub olmamışıq.

Hazırda Ağsuda komanda yoxdur. «Difai» rəhbərliyinə böyük hörmətimiz var, Allah canlarını sağ eləsin, sadəcə, onlar ev oyunlarını Ağsuda keçirir.

Vallah, biz sevinirik ki, «Difai» Birinci Liqada Ağsunu təmsil eləyir. Bu gün Ağsunun gəncləri, idmançıları qalıb qıraqda. Hamısı əziyyət çəkir.

Narkomanlıq baş alıb gedir bu gənclərin arasında. Domino, çayxana, orada-burada…

Məktəbli uşaqlar əllərində telefon, ancaq «vorobskoy» aləmə maraq göstərirlər. Çünki rayonda idman deyilən bir şey yoxdur daha.

Rayonun idmanını məhv eləyib qoydular böyrü üstə. Qabil müəllimə bunların hamısını izah eləməyə çalışdım.

Dedim ki, yeniyetmələr və gənclər məşğuliyyət tapmır, futbol oynamaq üçün qonşu rayonlara, Kürdəmirə çıxıb gedirlər. Başa saldım ki, imkan verin, Region Liqasında yüksək səviyyədə çıxış edək.

Dedim, bizim heç vaxt AFFA ilə problemimiz olmayıb. Xahiş elədim ki, bizə şərait yaradın, sənədlərimizi qeydiyyatdan keçirin, bizi çempionatdan kənarda saxlamayın.

Dedi, yox, büdcə artıq ayrılıb, yer limiti dolub. AFFA indi hər oyuna 300 manat ayrırır deyə, belə etməlidirlər?

Axı mən dörd il ərzində futbola öz şəxsi büdcəmdən 300 min manata yaxın vəsait xərcləmişəm. AFFA pandemiyanın ən qızğın vaxtında klublara 1 manat da ayırmayıb.

Bu sözümün qarşısında o duruxub qaldı, heç bir cavab verə bilmədi. Dedim, sizin o 300 manata qalmamışam, həmin pul bizə lazım deyil, mənə lazımdır ki, Ağsuda futbol inkişaf eləsin, gənclər norkoman olmasın, futbola gəlsin.

Bura axı mənim öz doğma rayonumdur. AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyevlə əlaqə saxlamaq, görüşmək istədim, zənglərimə cavab vermədi.

Sonra onun köməkçisi Kamran Vəliyev mənə zəng vurdu, Sərxan müəllimlə əlaqə saxlamağımın səbəbini soruşdu.

Sərxan müəllimin özünə «vatçap» vasitəsilə səsli mesaj göndərdim, maraqlandım ki, «Ağsu Siti»ni Region Liqasından niyə kənarda saxlayırsız.

Ondan mənə cavab gəlmədi. Kamran Vəliyev mənimlə Sərxan müəllimin adından danışdı, dedi ki, yox, sizi Region Liqasına götürə bilmərik, filan olub, behman olub.

Dedi ki, stadion belə, borc məsələsi… Ona qayıtdım ki, AFFA öz balansında olan Ağsu stadionunu ağsululara pulla verir, bu, hansı qanunda yazılıb?

Orada həftədə üç məşq keçmişik, ayda da iki oyuna çıxmışıq. Bunun üçün yerli komandadan 1000 manat istəyərlər?

Bu, nə dərəcədə düzgündür? Stadionun direktoru Nazim müəllimdir, ona müraciət edirəm ki, bizə məktub ver, deyir, mənlik deyil, AFFA-dan istə.

Deyirəm, axı niyə, stadionda rəhbər sənsən, elə birbaşa de ki, «Ağsu Siti»ni bura buraxmıram. Uzun sözü qısası, bizimlə «ötür-ötür» oyunu oynayırlar.

İnd idə Kamran Vəliyev deyir ki, Sərxan Hacıyev səni qəbul edəcək. Düz iki həftəyə yaxındır keçib, hələ də verdiyi sözü tutub, mənimlə görüşmürlər.

O gün yenə Sərxan müəllimə mesaj yazmışam ki, biz gecikirik, komandanı yığmalıyıq, bəs bu görüş nə vaxt olacaq? Demişəm ki, dünən yaranan komandaları çempionata buraxırsız, «Ağsu Siti»yə barmaqarası yanaşırsız.

Nə məcburdur ki, bir rayondan iki komandanı Region Liqasına qəbul edəsiz, amma Ağsunu kənarda saxlayırsız? O, mesajlarıma heç bir cavab vermir, mən isə yenə pis vəziyyətdə qalıram».

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi
21 Noyabr 18:10 Çək və bizə göndər!
21 Noyabr 17:00 VAR, yoxsa YOX?
21 Noyabr 08:20 Cavid öz yerini tapdı