“İrəvan”ın bütün yarışlardan uzaqlaşdırılmasından sonra son bir ildə klubda çalışan məşqçi və futbolçuların məvaciblərinin taleyi maraq doğurmaya bilməz.
Jurnalistin işi nədir? Axtarıb tapmaq, araşdırmaq, danışdırmaq, gündəmin mövzusuna münasibət bildirmək. Bəs, qarşı tərəfin öhdəsinə düşən? Təbii ki, danışmaq, reaksiya vermək.
Azərbaycanda Nazim Süleymanovun adını eşitməyən yoxdur. Hətta qonşu Rusiyada da kifayət qədər ağır çəkiyə malikdir. Öz dövrünün məşhur futbolçularından olub, millimizin şərəfini qoruyub, xeyli qollar vurub.
Təəssüf ki, adamın futbolçu və məşqçilik bacarığı, hətta xarakteri bir-biriylə uzlaşmır. Hər nə qədər şans yaradılsa da, məşqçi kimi özünü isbat edə bilməyib. Ortada nə nəticə var, nə titul, nə xilaskarlıq.
Xarakterindəki əcaiblik isə bu adamın əksər vaxtlarda gizlənməsi, mətbuatdan uzaq durmasıdır. Deməli, iyunun 20-də zənglərə cavab verməyən Nazim bəyə mesaj yazmışdım ki, bəs, bəzi mövzular barədə söhbət etmək lazımdır, imkan varsa, zənglərə cavab verin.
“İnşallah, deyərəm sizə” cavabını oxuyanda Süleymanovun niyyətini anlamaq çətin olmamışdı.
Üstündən təxminən 1 ay keçdi, iyulun 14-də adamı yenidən narahat etdim ki, insandır, bəlkə yadından çıxıb. Aldığım cavab 1 ay əvvəlkinin eynisi oldu. Yenə “inşallah”la aradan çıxdı.
Növbəti mesajım - “siz 1 aydır müsahibə verməyə vaxt tapa bilmirsiniz” sualım isə cavabsız qaldı.
“İrəvan”da aldadılan, halal maaşından olan adam başına gələnlərlə bağlı mətbuata açıqlama verməkdən qorxursa, deməli, ona nə edirlərsə, haqq edirlər. Suyu üfürə-üfürə içən, sözünü deməkdən çəkinən adam heç vaxt ciddiyə alınmır, lider kimi qəbul olunmur.
İsgəndər Cavadov İcraiyyə Komitəsindən uzaqlaşdırılandan sonra ittihamlarla dolu müsahibə verdiyi kimi, Nazim Süleymanov da yəqin pulunu alacağı günü gözləyir. İndi danışa bilmir ki, birdən dediklərini əsas gətirib maaşını verməzlər. Düz demirəm? Başqa səbəb axtarıb-tapmaqda, açığı, çətinlik çəkirəm.
Ay ağsaqqallar, həyatda puldan, maaşdan vacib dəyərlər var. Xarakterinizi göstərin, sözünüzü vaxtında deməyi bacarın ki, işdən kənarlaşdırılandan sonra danışanda, camaat sizə gülməsin. Yox, bu durumda olmağınız sizə xoşdursa, elə də qalın.
Bəzən düşünürsən ki, veteranları bu halda olan Azərbaycan futbolunun vəziyyəti başqa necə olmalıdır?
HƏBİB / SPORTİNFO.AZ