«Ona qarşı haqsızlıq etdilər».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Səbail»dən ayrılan Ağabala Ramazanovun qardaşı Zaur Ramazanov deyib.
Ötənlərin tanınmış hücumçusu kiçik qardaşına münasibətdə göstərdiyi tövrə görə Şahin Diniyevi ittiham edib. O, baş məşqçinin ünvaına sərt fikirlər söyləyib:
«Bütün futbol ictimaiyyəti Şahin Diniyevi yaxşı tanıyır. Onun «Kəpəz»də işlədiyi vaxt elədiyi hərəkətlərdən hər kəs xəbərdardır. Futbolçuların maaş kartlarını əllərindən almasından, pullarından faiz tutmasından hamı məlumatlıdır. Bu məsələ AFFA-da da müzakirə olunub. Bu adam indinin özündə də işləyir. AFFA-dan çıxır, gəlib klubda işləyir. Klubdan çıxır, yenə gedib AFFA-da işləyir. Bilmirəm, kimdir bu, kimin adamıdır. Mən ondan hər şey gözləyirdim. Ağabalaya qarşı elədiyi böyük haqsızlığı da həmçinin. Açığı, mən onu elə o vaxtdan silib atmışdım. Hələ futbol oynayanda, Diniyev prinsip aparırdı, milliyə çağırmırdı məni. Deyirdi ki, millinin qapı-pəncərəsi Zaurun üzünə açıqdır, amma siyahı açıqlananda adımı ora salmırdı. Dediyim odur ki, əgər Şahin Ağabalaya bunu edibsə, istənilən futbolçuya arxadan zərbə vura bilər. Onu dəstəkləyən elə Şahinin özü kimi bir adamdır. Mən «Səbail»dən Firuzla (idman direktoru Firuz Abdulla nəzərdə tutulur-red) danışıram, deyir, bunu Şahin eləməyib. Sözündən elə çıxır ki, qardaşımı klubdan rəhbərlik uzaqlaşdırıb. Onun dediyinə mən inanmıram. Rəhbərlik bu addımı atmaz. Çünki həmin insanlar qardaşım xəstəxanada olanda ona böyük dəstək göstərib. Mən bunun şahidiyəm. Bilirəm ki, rəhbərlik əlli dəfə Şahinin üzünə deyib ki, sən məşqçi deyilsən. Deyiblər ki, sən eləsən, sən beləsən. Bütün bunlara baxmayaraq, yenə də Şahini baş məşqçi postunda saxlayıblar. Amma heç kim deyə bilməz ki, Şahin orada beş-on il işləyəcək. Baş məşqçi postu «karuseldir». Biri gedir, biri gəlir. Əsas odur, biz kişi olaq, kişiliyimizi göstərək, üz-üzə gələndə, insanın gözünün içinə baxa bilək. Bu hərəkəti Şahinin oğluna qarşı etsəydilər, reaksiyası necə olardı - mən bunun cavabını ondan eşitmək istəyərdim. Hamı bilir ki, Şahin məşqçi kimi məşqçi deyil. Bu sahədən ümumiyyətlə anlayışı yoxdur. Şahinlə işləmiş futbolçular həmişə bunu deyirlər. Mövsümün sonu da göstərdi ki, o, «Səbail»i uçuruma aparır. Mənə təəccüblü gəlir ki, bunu nəyə görə yenə saxladılar. Yəqin ki, iki-üç oyundan sonra yola salarlar. Həyatda heç nə elə-belə qalmır. Kim nə edirsə, o da qabağına çıxır. Adamda gərək kişilik simvolu olsun. Hər şeyi bir kənara qoyuram, adamda kişilik simvolu başqa şeydir. Əgər birində bu yoxdursa, ona insan demək çətindir».