İntizam Komitəsinin mayın 25-də keçirilən iclasında 6 futbolçuya 6 ay peşəkar futbolla məşğul olmaq qadağası qoyuldu.
Başa çatan mövsümdə MOİK-in şərəfini qoruyan Kamil Hüseynov, İlham Allahverdiyev, Rüstəm Rüstəmov, Qabil Sabirli, Elşən Veysov və Fərman Bayramov (ikinci dövrəni “Araz Naxçıvan”da keçirib) danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 2 il müddətinə (1 il 6 ay şərti olmaqla) futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmasına dair qadağa qoyulub.
Söhbətin hansı oyun(lar)dan getməsi barədə rəsmi məlumat olmasa da, ehtimal olunur ki, “Səbail”lə ölkə kubokunun 1/4 final mərhələsində 0:4 hesabı ilə başa çatan qarşılaşma qumara qoyulub.
Bu işin əsas iştirakçıları olan Emin Mehtiyevlə Fərmayıl Əliyevin hələ bu ilin əvvəlində futboldan ömürlük uzaqlaşdırılmasına dair qərar qəbul olunmuşdu.
Yuxarıda adları göstərilən futbolçular hələ ki, mətbuata açıqlama vermək istəmir. Görünür, deyəcək sözləri yoxdur.
“Neftçi”nin yetirməsi olan İlham Allahverdiyev məlum qərardan bir neçə saat sonra paylaşım edib.
Hücumçu Elşən Veysov, Rüstəm Rüstəmov və Kamil Hüseynovla şəklini paylaşaraq “Xeyirlisi qardaşlar, çox keçməz, görüşərik” sözlərini yazıb.
Qərara əsasən, adları çəkilən futbolçular peşəkar futbola gələn ilin yanvarından qayıda bilər.
HƏBİB / SPORTİNFO.AZ