Vaxtilə "Kəpəz"in formasını geyinmiş Əfqan Talıbov yeni etirafıyla diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, keçmiş hücumçu iştirakçısı olduğu oyun "alver"i haqda danışıb:
"Kəpəz" Gəncədə "Vitebsk" klubunu qəbul etməliydi. Belarusların çoxunu tanıyırdım. Oyundan əvvəl əlaqə saxladılar ki, "bizə xal lazım deyil, pul verin, oyunu verək".
Mən də bunu baş məşqçimizə bildirdim. Əhməd Ələsgərov təklifi qəbul etdi. "Vitebsk"in futbolçuları meydanda gəzir, arxaya çəkilərək fərqlənməyimizə şərait yaradırdılar.
Tərslikdən top qapıya girmirdi. Yalnız kapitanları özünə əl qatıb "vuruşurdu". Sən demə, xasiyyətinə bələd olduqlarından yalnız ona "matçın verildiyi" barədə deyilməyib. İlk hissədə elə həmin futbolçu bizə qol vurdu.
Yazığı heç kim təbrik etmədi. Sonra Füzuli Allahverdiyevin pasıyla bərabərliyi təmin etdim.
Fasilədə paltardəyişmə otağına girən kimi Lətifoviçin xasiyyətini bildiyimizdən tez atılmalı, bizə dəyəsi əşyaları yığışdırdıq.
Ələsgərov içəri girəndə "10 futbolçunu, 3 hakimi almışıq. 11 nəfər də siz. 24 nəfər 1 futbolçuyla bacarmır" deyib, əlini atdı ki, nəyisə bizə tərəf tullasın, gördü, ortada heç nə yoxdur. Başını yelləyib "mən belə yerdə qala bilmərəm" söyləyib, otağı tərk etdi".