Amerika Milli Futbol Liqasının təşkil etdiyi hərracda Azərbaycana qarşı siyasi təxribata yol verilib.
Sportinfo.az xəbər verir ki, hərracda “Nike” şirkətinin xüsusi istehsalı olan və qondarma “Daqlıq Qarabağ” rejiminin bayrağı əks edilən krossovka satışa çıxarılıb.
Onlayn-hərrac dekabrın 1-dən başlayıb və 2021-ci ilin yavnarın 6-dək davam edəcək. “Sputnik Armenia” saytı yazır ki, hərracdan gələn gəlir Ermənistana və Dağlıq Qarabağa kömək üçün “Ayastan” adlı fonda ayrılacaq.
Bu fond ən son Qarabağdakı münaqişə zamanı topladığı pulları erməni əsgərləri üçün silah-sursatın alınması və s. üçün xərcləyib. Krossovkalar "New England Patriots" futbol klubunun erməni direktoru və baş məşqçisi Berjem Nacaryan tərəfindən hərraca qoyulub.
“Nike” şirkətinin dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan bir rejimin “bayrağı” əks olunan xüsusi krossovka hazırlaması təəccüb doğurmaya bilməz.
Məlum məsələdir ki, Azərbaycan milli komandasının və bir neçə klubumuzun geyim dəstini məhz bu şirkət təmin edir və buna görə yetərincə gəlir qazanır.
Belə bir təxribatçı addımdan sonra “Nike” firmasının Azərbaycandakı əsas tərəfdaşı olan AFFA-nın məsələyə müdaxilə edərək təxribatın qarşısını alması vacibdir.
Bundan başqa, Amerika Milli Futbol Liqasının da bu təxribatçı addımı imkan verməsi anlaşılmazdır. Güman edirik ki, hər iki qurumun separatçılara dəstək ifadə edən bu hərəkətləri cavabsız qalmayacaq, müvafiq dövlət qurumları, eləcə də AFFA məsələylə bağlı operativ tədbirlər görəcək.