
Qadınlardan ibarət Monteneqro millisinin futbolçusu Armisa Kuç UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan yığmasına qarşı Bakıda keçirilən oyunu hələ də unuda bilmir.
Sportinfo.az xəbər verir ki, millimizlə qolsuz bərabərə qaldıqdan sonra evdə Litva üzərində 3:1 hesablı qələbə qazandıqları görüşdə het-trikə imza atan hücumçu özlərini qrupun ən güclüsü hesab edir.
O, “Liv Bona Dea Arena”dakı matçda qələbəyə layiq oynadıqlarını düşünür:
“Azərbaycana qarşı stadiondakı pis hava şəraitindən əlavə, lehimizə verilməyən penalti ilə də zərər çəkdik. Bakıda layiq olduğumuzu ala bilmədik.
Amma qrupun ən yaxşı komandası olduğumuzu sübut etdik. Öz meydanımızdakı cavab oyununda Azərbaycanı məğlub edəcəyik.
Əvvəllər də keyfiyyətimiz var idi, nəhayət, anladıq ki, daha cəsarətli, ikili mübarizələrdə aqressiv olmalıyıq. Çünki təkcə gözəl oyun nəticə gətirmir.
Doğrudur, hələ bu baxımdan rəqiblərimizin səviyyəsində deyilik. Futbolu sevgi ilə oynadığımız üçün sərt müdaxilələrdən qaçırıq.
Yenə də əvvəlkinə nisbətən bir qədər sərtləşmişik”.