
Azərbaycanın 17 yaşadək qadınlardan ibarət millisinin baş məşqçisi Nərgiz Qurbanova Avropa çempionatının II seçmə mərhələsindəki nəticələri dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, o, “report”a açıqlamasında B Liqasının II qrupunda keçirdikləri oyunlara toxunub, məğlubiyyətlərin səbəbini izah edib.
Mütəxəssis əvvəlcə Lüksemburqla görüşdən danışıb:
“Oyunların Azərbaycanda keçirilməsi bizim üçün stimul, həmçinin məsuliyyət demək idi. Anlayırdıq ki, öz ölkəmizdə ən azı böyük hesabla uduzmamalıyıq. Təəssüf ki, adətən ilk oyunlarımızda böyük hesabla məğlub oluruq. Bu artıq bir neçə yarışda baş verib. Uşaqlarda həyəcan hiss olunur. Lüksemburqla oyunda 0:5 hesablı məğlubiyyət bizim üçün gözlənilməz oldu. Bu, təkcə həyəcanla əlaqəli deyil. Komandanın fiziki hazırlığı da aşağıdır. Qızlar ikinci hissədə lazımi keyfiyyəti göstərmirlər. Ötən il də Lüksemburqla oynamışdıq. Bizimlə müqayisədə daha keyfiyyətli oyunçuları var”.
Baş məşqçi Bolqarıstan üzərində qələbəni dəyərləndirib:
“Bolqarıstan A qrupundan gəlmişdi, həqiqətən güclü komanda idi. Uşaqları psixoloji cəhətdən hazırlamışdım, üstəlik, beşli müdafiə sisteminə keçmişdik. Oyunumuz alındı, qızlar özlərini yaxşı tərəfdən göstərdilər. Bununla yanaşı, rəqibin qarşılaşmaya rahat yanaşması, futbolçularını meydana buraxmaması da işimizi asanlaşdırdı”.
O, Maltaya məğlubiyyətin səbəbini heyətdəki problemlərlə izah edib:
“Bolqarıstanla görüşdə iki əsas futbolçumuz sıradan çıxmışdı. Hətta biri əməliyyat olunmalıdır. Digər futbolçumuz isə sarı vərəqə limitinə görə Maltaya qarşı oynaya bilmədi. Bəlkə də komandada bir qədər rahatlıq da yaranmışdı. Oyuna köklənə bilmirdilər. Bəzi futbolçuların isə fiziki durumları oynamalarına imkan vermədi. Bütün bunlara baxmayaraq, Maltanı məğlub edə bilərdik. Qələbə üçün bütün vasitələrdən istifadə etməyə çalışdım, təəssüf ki, alınmadı”.
Mütəxəssis ölkədə futbolçu probleminin olduğunu qabardıb:
“Fiziki durumu yaxşılaşdırmaq üçün regionlardan gələn uşaqlar üçün elit məşqlər təşkil edirik. Ancaq problemlər çoxdur. Bəzi istedadlı futbolçular var ki, valideynləri onların oynamasına icazə vermir. Əksər oyunçular məşqlərə gəlmirlər, çətinliklərimiz çoxdur. Bundan əvvəlki yaş qrupunda da keyfiyyətli futbolçuların sayı az idi. Milliyə 2009 təvəllüdlü cəmi 5 oyunçu cəlb etmişəm. Bu məsələdə çətinlik çəkirik. Kütləvilik var, amma keyfiyyət aşağıdı. İndi-indi inkişaf etməyə başlayırıq. Ümid edirəm ki, daha çox kütləvilik olacaq və milliyə istedadlı futbolçular cəlb edəcəyik”.
N.Qurbanova millinin baş məşqçi postunda qalıb-qalmayacağı ilə bağlı sualı da cavablandırıb:
“Gənc məşqçiyəm, millidə yeni təcrübə qazanmağa başlamışam. Təbii ki, məğlubiyyətlər olacaq. Seçdiyim peşə də çətindir. Bilirsiniz ki, qadın futbolunda çətinliklər çoxdur. Nəticə vermək üçün zaman lazımdır. Əvvəlki illərdə türkiyəli futbolçular dəstək olurdular. Ancaq hazırda azərbaycanlı qızlarla çalışıram və mənim üçün öhdəliklər çoxdur. Legionerlər nəticə qazanmağa kömək edir. Amma biz yerliləri yetişdirmək istəyirik. Məqsəd təkcə nəticə qazanmaq deyil, həm də əsas yığma üçün futbolçu yetişdirməkdir. Məğlubiyyətlər məni qorxutmur. Ümidvaram ki, gələcəkdə nəticələrimiz daha yaxşı olacaq”.
U-17 Avropa çempionatının II seçmə mərhələsində B Liqasının II qrupunda keçirdiyi matçlarda Lüksemburqa 0:5, Maltaya 0:2 hesabı ilə məğlub olub.
Komanda Bolqarıstan üzərində 3:2 hesablı qələbə qazanıb. Milli qrupu sonuncu pillədə başa vurub.