
“Əslində, oynamaq istəyərdim, ancaq həm komanda daxilində, həm də komandanın başında duran şəxslərlə müəyyən xoşagəlməz şeylər oldu”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq müdafiəçisi Aysun Seydiyeva “CBC Sport” telekanalında yayımlanan “Start” verilişində deyib.
Yığmanın və “Sabah”ın müdafiəçisi Amin Seydiyevin həyat yoldaşı bildirib ki, artıq karyerasını bitirib:
“Bundan əvvəl bir dəfə də karyeramı başa vurmaqla bağlı açıqlama vermişdim. Ancaq sonradan müəyyən insanların məsləhəti ilə fikrimi dəyişdim.
Soçidəki təlim-məşq toplanışından qabaq milli komandadan ayrılmaqla bağlı müəyyən düşüncələrim olduğu üçün ora getmək istəmirdim.
Bu haqda baş məşqçi ilə də danışmışdım və onun da vəziyyətdən xəbəri var idi. Ancaq o deyirdi ki, hər şey yaxşı olacaq, sənə inanırıq.
Bu söhbətdən sonra təlim-məşq toplanışına qatıldım. Artıq əvvəlcədən bitirmək qərarını verdiyim üçün oradakı abu-hava mənə xoş gəlmədi”.
Millinin sabiq kapitanı “Neftçi” ilə də vidalaşdığını deyib:
“Artıq üç aydır ki, həm yığma, həm də klubla yollarımı ayırmışam. Sadəcə, özüm üçün individual fitnes məşqləri edirəm.
Futbol üçün darıxanda isə məhlədə balaca uşaqlarla futbol oynayıram”.
28 yaşlı Seydiyeva Azərbaycan çempionu və Yüksək Liqanın bombardiri olub. O, Türkiyə, Qazaxıstan və Rusiyada legioner həyatı yaşayıb.