Azərbaycanın qadın futbolçulardan ibarət millisi bugünlərdə Avropa çempionatının seçmə mərhələsində doğma meydanda növbəti matçına çıxdı.
Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunun V turunda, "Liv Bona Dea Arena"da Macarıstan yığması ilə üz-üzə gəldi.
Qarşılaşma qonaqların qələbəsi ilə başa çatdı - 5:0. bu hesab hamı üçün gözlənilməz oldu. Bir futbolçuların özlərindən savayı.
Təbii ki, səbəbi və səbəbkar(lar)ı var. Macarlarla qarşılaşmadan öncə düşərgəyə gərginlik çöküb.
Qızların bir çoxu heç meydana çıxmaq istəyində olmayıb. Onları məşqçilər dilə tutub, məcbur qalıb yaşıl sahəyə ayaq basıblar.
Bunun kökündə AFFA rəhbərliyinin kollektivə etinasız və barmaqarası münasibəti dayanıb. Belə ki, Türkiyə üzərində 1:0 hesablı qələbədən sonra normal mükafat gözləsələr də, tam əks münasibətlə qarşılaşıblar.
Qəpik-quruş saya biləcəyimiz məbləğin adını çəkib, öz aləmlərində müjdələmək istəyiblər, alınmayıb.
Deyilən rəqəm futbolçuları hiddətləndirib və öz narazılıqlarını federasiya rəhbərliyinə çatdırmağa çalışsalar da, nə görüşə biliblər, nə də dinləyən. Və təəssüf ki, bunun da qarşılığı mənfi mənada hesabda öz əksini tapıb.
Azərbaycanıın 4 oyundan sonra 4 xalı var. Millimiz növbəti oyununu iyulun 16-da səfərdə İsveçrəyə qarşı keçirəcək.
SPORTİNFO.AZ